Ötən il Ukrayna səmasında vurulmuş sərnişin təyyarəsi ilə bağlı təhqiqatın nəticələri açıqlanıb

13 Oktyabr 2015 18:44 (UTC+04:00)

Hollandiya Milli Təhlükəsizlik Şurası (OVV) 2014-cü il iyulun 17-də Ukrayna (Donbas) səmasında Malayziya Hava Yollarına məxsus "Boeing 777" sərnişin təyyarəsinin (MH-17 reysi) vurulması ilə bağlı aparılan təhqiqata dair yekun hesabatı rəsmən açıqlayıb.

 

Movqe.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, Gilze-Reyn hərbi bazasında keçirilən tədbirə 100-dən çox media nümayəndəsi qatılıb. Hesabatı Milli Təhlükəsizlik Şurasının olayın araşdırılması üçün yaratdığı komissiyanın rəhbəri Tyibb Yostra təqdim edib. Təhqiqatın nəticələri haqqında əvvəlcə hadisə zamanı ölənlərin ailə üzvləri və yaxınları məlumatlandırılıb.

 

Komissiya müəyyən edib ki, "Boeing" təyyarəsinə Rusiya istehsalı olan "Buk" zenit-raket kompleksi ilə həmin vaxt Ukraynanın şərqindən, 320 kv km sahədən zərbə endirilib. "Yer-hava" tipli 9М38М1 raketinin döyüş başlığı pilot kabinəsinin solunda partlayıb. Nəticədə təyyarə havada parçalanıb, onun qalıqları yerə düşərək 15 km radiusda yayılıb. Malayziya təyyarəsinin hərbi əməliyyatların getdiyi zonada niyə uçması barədə suala cavab verən T. Yostra qeyd edib ki, həmin vaxt 61 ölkənin aviaşirkətləri həmin ərazidən uçuşlar həyata keçirib: "32 min fut və ya 10 kilometrə yaxın hündürlük mülki aviasiya üçün açıq idi. Heç kim düşünmürdü ki, mülki aviasiya təyyarələri risk zonasındadır. Ukrayna hakimiyyət orqanları ölkənin şərqindəki hava məkanını sərnişin təyyarələrinin uçuşları üçün bağlamalı idilər. Lakin bunu etməyiblər".   

 

İstintaq təyyarənin içərisində partlayış baş verməsi, eləcə də təyyarənin "hava-hava" raketi ilə vurulması versiyalarını istisna edib. T. Yostra bəyan edib ki, komissiya öz mandatına uyğun olaraq yalnız hadisənin səbəblərini müəyyənləşdirib və faciədə günahkar olan tərəfin adını çəkmir.

 

Jurnalistlər Rusiyanın "Buk" sistemlərini istehsal edən "Almaz-Antey" müəssisəsinin bu gün faciəyə dair öz versiyasını təqdim etməsinə T. Yostranın münasibətini soruşublar. Holland mütəxəssisin cavabı belə olub: "İnsanların hesabat açıqlanmadığı halda, onunla razı olmadıqlarını bilmələri həmişə təəccüblüdür".   

 

Xatırladaq ki, Amsterdamdan Kuala-Lumpura uçan "Boeing" təyyarəsi 17 iyul 2014-cü ildə Ukraynanın Donetsk vilayətinin separatçıların nəzarəti altında olan Torez şəhəri yaxınlığında vurulub. Nəticədə 298 nəfər ölüb.