Dəm qazı "kabusu" evlərdə-Toksikoloqdan xəbərdarlıq!

14 Oktyabr 2015 11:21 (UTC+04:00)
Havalar soyandan 2 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Movqe.az-a açıqlamasında bildirib ki, dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edənlərə müvafiq tibbi yardımlar edilib. Onun sözlərinə görə, hələ payız ayı olsa da, dəm qazından zəhərlənmələrin baş verməsi, qış aylarında müraciətlərin daha da çox olacağından xəbər verir: "Dəm qazı vaxtında ilkin tibbi yardım edilməzsə insanın ölümünə belə səbəb ola bilir. Ötən mövsüm bu cür hadisələrin tez-tez baş verməsi bir daha göstərdi ki, insanlar bəzən dəm qazının "ölüm kabusu" olduğunu unudurlar".
A.    Maqsudov havaların soyması ilə bağlı dəm qazından zəhərlənmə ehtimalının artdığını, əhalini ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, dəm qazı təhlükəsi ilə bağlı görülən maarifləndirmə işləri bəhrəsini versə də yenə də təhlükəsizlik qaydalarına biganə yanaşanlar var. Dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır. Odur ki, vətəndaşların mənzildə istifadə etdiyi qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır. Qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Qaz cihazından istifadə edilən qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq saxlanılmalıdır. Hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalı, hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz. Tüstü bacaları, ən azı, ildə iki dəfə təmizlənməli, bu məqsədlə, mənzil kommunal istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir. Nazirlik bir daha vətəndaşlara xatırladır ki, dəm qazı iysizdir, hiss edilmir. Amma bundan zəhərlənmənin əlamətlərini hiss etmək olur: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxardılmalı, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Vətəndaşlardan təhlükə zamanı 112-yə zəng etmələri xahiş olunur.