Nazirlik: Sosial xidmət müəssisələrində 1072 nəfər tam dövlət təminatında yaşayır

14 Oktyabr 2015 12:10 (UTC+04:00)

Cari ilin 1 oktyabr tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlərlə təmin olunanların sayı 1072 nəfərdir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslərdən 336 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və  nazirliyin Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray  qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tam dövlət təminatında yaşayırlar.

 

Qalan 736 nəfər isə nazirliyin müvafiq sosial xidmət müəssisələrində daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

 

Son illərdə bir sıra sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb və bir qisim belə müəssisələrdə bu yöndə işlər davam etdirilir. Xüsusən Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı və 7 saylı sosial xidmət müəssisələrində uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün nümunəviliyi ilə seçilən şərait yaradılıb.

 

Sosial xidmət müəssisələrində yaşayanların doğma ailə mühitinə qaytarılmaları, de-institusionalizasiya tədbirləri də davam etdirilir. Cari ilin 9 ayında bu  müəssisələrdə yaşayan şəxslərdən ümumilikdə 52 nəfər doğma ailələrinə qayıdıb ki, onlardan 20 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub.