Baş Pediatr: "Dərman firması ilə iş birliyi qurub bu cür dərmanların uşaqlara tez-tez təyin edilməsinin düzgün deyil"

14 Oktyabr 2015 11:47 (UTC+04:00)
Fəslin dəyişməsi ən çox uşaqların səhhətinə öz təsirini göstərir. Hava dəyişikliyi azyaşlılarda boğaz ağrısı, qızdırma, qrip, qızdırma, iştahsızlığa səbəb olur. Həkimlər də payız-qış aylarının immun sisteminin zəiflədiyi dövr olduğunu əsas gətirərək uşaqlara daha çox immunomodulyatorlar təyin edirlər. K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev immunomodulyatorların ildə iki dəfə xəstələnən uşaqlara təyin edilməsinin yalnış olduğunu söyləyib. Movqe.az-a açıqlamasında ölkənin baş  pediatrı ümumiyyətlə immunomodulyatorların orqanizmin immun sisteminə birbaşa deyil, dolayı yolla təsri etdiyini söyləyib: "Həkimlər dərmanlardan öncə uşaqların immun sisteminin təbii vasitələrlə, qida və hava ilə gücləndirilməsini tövsiyyə etməlidirlər. Bəzən ildə iki dəfə xəstələnən uşaqlara immunomodulyator təyin edirlər. Bu yalnışdır. Hansı uşaq tez-tez xəstələnərsə, immun sistemi  zəifdirsə ona təyin edilməlidir immunomodulyaorlar, immun sistemi tənzimləyiciləri".
N. Quliyev hansısa dərman firması ilə iş birliyi qurub bu cür dərmanların uşaqlara tez-tez təyin edilməsinin düzgün olmadığını bildirib: "Mən inanmıram ki, həkim adını daşıyan insan belə bir  səhvə yol versin. Çünki, həkim tibbi göstəriş əsasında dərman yazmalıdır, hansısa xəstənin göstərişi əsasında deyil".
Bununla belə baş pediatr tibbi göstəriş olduğu halda uşağa immunomodulyatorların təyin edilməsini normal qəbul etdiyini deyib. N. Quliyev deyib ki, immunomodulyatorların tibbi göstəriş olmadan təyinatının uşağın orqanizminə ciddi zərərəi olmasa da, effekti də yoxdur: "Hər bir dərmanın təyinatı var. Onun təlimatında bu barədə qeyd göstərilib. O təlimata əsasən dərman xəstəyə təyin edilməlidir". 
Qeyd edək ki, immunomodulyatorlara tələbat çox olduğundan, son vaxtlar dərman firmaları müxtəlif  adda immunomodulyatorları həb və sirop şəklində satışa buraxırlar. Müxtəlif firmaların istehsalı olan immunomodulyatorın qiyməti isə heç də ucuz deyil. Hazırda satışda qiyməti 45-60 manata da immunomodulyatorlar  var.