Mübariz Əhmədoğlu: Rusiya ilə Azərbaycanı düşmən edə bilməyən ermənilər Avropa ilə də düşmən edə bilməyəcəklər

14 Oktyabr 2015 14:54 (UTC+04:00)

Ermənilər öz xalqlarını Avropada sivil, savadlı, tarixi keçmişə malik xalq kimi təqdim edir. Ola bilər, ermənilər həqiqətən dedikləri kimidirlər. Amma bir məsələ aydındır ki, ermənilərin bütün dünyaya olan münasibətləri türk və azərbaycanlıya olan münasibətdən kəskin surətdə fərqlənir. Ermənilərin yanında türk və ya azərbaycanlı termininin işlənməsi dərhal erməninin ali sinir fəaliyyətini dəyişir. İstənilən avropalı bunu test edə bilər.


Movqe.az-ın məlumatına görə, bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.


M.Əhmədoğlu bildirib ki, ən maraqlısı burasıdır ki, ermənilərin türklərə qarşı narazılığının tarixi 130 ildən o tərəfə keçmir: "Osmanlının 600 illik ömrünün ən azı 570 ili ermənilərin ləyaqətli, bəlkə də üstün yaşamı ilə mövcud olub. İndi isə türkə və azərbaycanlıya nifrəti ermənilər mövcudluq vasitəsinə çeviriblər. Türkə və azərbaycanlıya qarşı mübarizə aparmaqla siyasi və maliyyə dividentləri əldə edirlər. Dağlıq Qarabağ münaqişəsi başlayarkən ermənilər Rusiyadakı bəzi qüvvələri tamamilə öz mənafelərinə uyğun işlətdilər. O vaxt hamı bilirdi ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ tərəfindən SSRİ-ni dağıtmaq üçün ortalığa atılıb. ABŞ-da erməninin lobbisi var idi. Qalan SSRİ xalqlarından ABŞ-da lobbisi olan yox idi. Bu bəlli olduğu halda da ermənilər Rusiyanın nüfuzlu siyasətçilərini, tanınmış adamlarını amerikanın anti-SSRİ planını reallaşdırmağa qoşmuşdular. Nəticədə, Azərbaycan xalqı torpaqlarının işğalında yalnız Rusiyanı günahkar bildi, Rusiyadan incidi. Azərbaycanın Rusiyaya doğru atdığı addımlar qəbul edilmirdi".


Politoloq bildirib ki, Azərbaycanın MDB-yə üzvlüyü, MDB-dən çıxması və MDB-yə yenidən üzvlüyünün tarixi çox şey deyir: "Ayaz Mütəllibovu MBD-nin ilk iclasına dəvət etməmişdilər. Ümummilli lider Heydər Əliyev Azərbaycanı MDB-yə qaytarmaq üçün Azərbaycanın daxilində müqavimətlə üzləşməli olduğu halda, Rusiya tərəfindən müqavimətlə üzləşdi. Nəhayət, Vladimir Putin RF-də prezident seçildi. Azərbaycanın Rusiyaya dönə-dönə etdiyi müraciətlərin mahiyyətini başa düşdü. MDB məkanında ilk səfərini Azərbaycana etdi. Şəhidlər Xiyabanında diz çökdü. Ardıcıl siyasəti ilə Azərbaycanın Rusiyaya qarşı münasibətini dəyərləndirdi. Ermənilərin Rusiya-Azərbaycan münasibətlərinə müdaxiləsini dayandırdı. Ermənilərin Rusiya-Azərbaycan münasibətlərinə təsiri azaldıqca, Rusiya-Azərbaycan münasibətləri istiləşdi. Nəhayət indi strateji tərəfdaşlıq münasibətləri səviyyəsindədir".


Mərkəz rəhbəri qeyd edib ki, Serj Sərkisyan başda olmaqla dünya erməniliyi Azərbaycanın düşmənsiz qalmasına dözə bilmirlər: "Rusiyadakı planları boşa çıxdıqdan sonra ermənilər indi Avropada antiazərbaycan bazarı yaradıblar. Xristianlıq dəllalı Serj Sərkisyanın ideyaları Avropada bir çoxları tərəfindən tərəfindən müsbət qarşılanır. Hətta belə başa düşmək olar ki, korrupsiya, yalançılıq, insan hüquqlarını pozmaq, xristianlığın adından dəllallıq etmək, depotasiya Avropa dəyəri imiş".


M.Əhmədoğlu sonra bildirib ki, Azərbaycan torpaqlarını işğalda saxlamağa dünya erməniliyinin resursu çatmır: "Ona görə Serj Sərkisyan Avropadakı "demokratiya" və "insan hüquqları"nı Azərbaycan torpaqlarını işğalda saxlamaq resurslarına əlavə etmişdi. Amma avropalılara, eləcə də Azərbaycan cəmiyyətinə ümidli xəbər verməyin vaxtıdır: Ermənilər Avropanı Azərbaycana düşmən edə bilməyəcəklər. Rusiyanı Azərbaycana düşmən etmək istiqamətindəki səyləri boşa çıxdığı kimi, ermənilərin Avropanı da Azərbaycanla düşmən etmək istiqamətindəki səyləri və resursları boşa çıxacaq. Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonrakı bir il ərzində Avropa-Azərbaycan münasibətləri xeyli güclənəcək. Azərbaycan rəhbərliyi indi bütün resurslarını Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldib. Görünür, avropalılar artıq başa düşüblər ki, Qarabağ Azərbaycan torpağıdır. Ona görə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlərə heç bir reaksiya vermədilər."