Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

14 Oktyabr 2015 17:00 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda dörd məsələ - Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentləri üzrə 2015-ci ilin ötən müddəti ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir Hüseyn Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair son müşavirəsində ölkə başçısının səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması, tapşırıq və göstərişlərin yerinə yetirilməsi, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı nazir ciddi tapşırıqlar verib.

Gündəlikdə duran məsələlər barədə əvvəlcə Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru X.Hüseynov çıxış edib, ötən dövr ərzində departament tərəfindən görülmüş işlərin yekunu, qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Meşə sahələrinin artırılması və bərpası istiqamətində 2015-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Meşələrin İnkişafı Departamentinin direktoru Ş.İsmayılovun çıxışı dinlənilib. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru V. Cavadov xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi sahəsində görülmüş işlər, qarşıda duran vəzifələr barədə, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru R.Həsənov isə cari ilin müvafiq dövründə balıq ehtiyatlarının artırılması, bərpası və istifadəsinin tənzimlənməsi, o cümlədən müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin yetişdirilərək Xəzər dənizinə və ölkənin digər su hövzələrinə buraxılması haqqında məruzə edib.

Dinlənilən məruzələrlə bağlı müzakirələrdə müvafiq qurumlarda görülmüş müsbət işlərlə bərabər nöqsanlar da qeyd olunub. O cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad tutulub, xüsusən sənaye əhəmiyyətli şəhərlərdə yaşıllıqların qorunması və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin istənilən səviyyədə olmadığı bildirilib. Meşə bərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə tapşırıqlar verilib. Xüsusi mühafizə olunan ərazilərdə mühafizə rejiminin daha da gücləndirilməsi və gələcək illərdə ölkənin su hövzələrində, xüsusilə Xəzər dənizində bioresursların inkişafını əks etdirən proqnozların daha da təkmilləşdirilməsi ilə bağlı iradlar söylənilib. Nazir H.Bağırov bir neçə tabeli qurum rəhbərinə irad və xəbərdarlığını bildirib. Ölkə Prezidentinin son müşavirədə verdiyi tapşırıqların təcili icrasını və kollegiyaya təqdim olunan qərar layihəsinin dəyişdirilərək göstərilən bütün irad və xəbərdarlıqların yenidən kollegiya iclasının qərar layihəsinə salınmasını tapşırıb.