ATƏT parlament seçkilərinə rəy vermək hüququnu itirdi

15 Oktyabr 2015 10:45 (UTC+04:00)

Seçkiləri izləmək üçün Azərbaycana 20 ölkədən 138 müşahidəçi gələcək. Artıq müşahidəçi qismində qeydiyyatdan keçənlərin sayı 22 606 nəfər təşkil edir. Qeyd edək ki, ATƏT, Avropa İttifaqı müxtəlif bəhanələrlə seçkiləri müşahidə etməkdən imtina ediblər. Onlar hətta digər qurumları da belə bir addım atmağa sövq edirdilər. Amma rəsmi açıqlamadan görürük ki, seçkiləri müşahidə etməyə 20 ölkənin 138-ə yaxın təmsilçisi gələcək.

Bu, ATƏT-in və bəzi qərəzli dairələrin seçkiləri müşahidə etməkdən imtina etməklə Azərbaycana zərbə vurmaq niyyətinin puça çıxması anlamına da gəlir.

Digər tərəfdən yaranmış bu vəziyyət ATƏT-in Azərbaycanda seçkilərin nəticələrinə rəy bildirmək imkanından artıq özünü məhrum etməsi deməkdir.

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, ATƏT, Avropa Parlamenti və digər qurumların seçkiləri müşahidə etməkdən imtina etməsinə baxmayaraq, xaricdən prosesi izləməyə çoxsaylı müşahidəçinin gəlməsi qərəzli mövqedə olanların bu istiqamətdəki çirkin niyyətlərinin fiaskoya uğraması deməkdir: "Seçkilərin müşahidə edilməsi məsələsində ATƏT və qurumun Demokratik İslahatlar və İnsan Haqları Bürosunun tutduğu mövqe olduqca qərəzlidir. Onların bu qərəzçiliyi nə beynəlxalq hüquq normalarına sığmır, həmçinin belə təşkilatın özünün mandatı və reqlamentinə uyğun gəlmir. Bu səbəbdən də əminəm ki, Qərbdəki bu qurumlar seçkiləri müşahidə etməkdən imtina etməklə Azərbaycana zərbə vurmaq niyyətlərinə heç zaman nail ola bilməyəcəklər.

Onlar öncədən ölkəmizdə keçiriləcək seçkilərə kölgə salmaq, nəticələri qabaqcadan tanımamaq yolunu tutublar. Lakin görürük ki, onların bu çirkin niyyətləri də fiaskoya uğradı. Gördüyünüz kimi, Azərbaycanın üzv olduğu Avropa Şurası Parlament Assambleyası, Avropanın bir çox dövlətlərinin parlamentləri seçkiləri müşahidə etməyə gələcək. Bütövlükdə 25 minə qədər müşahidəçinin olacağı gözlənilir. Bu isə o deməkdir ki, ölkəmizdə keçirilən seçkilərə böyük diqqət var və proses ciddi müşahidə altında olacaq. ATƏT və digər bu kimi qurumlar həmin məsələdə də qərəzli mövqe tutub. Bu fonda Azərbaycandakı seçkilərə kölgə salmaq niyyətlərinin puça çıxması ilə həmin qurum ciddi fiaskoya uğradı. Həmçinin, belə hərəkətləri ilə bir daha nümayiş etdirdilər ki, ölkəmizə ikili standartlardan yanaşmaqda davam edirlər. Düşünürəm ki, niyyətlərinin puça çıxması ilə ATƏT-ə üzv dövlətlər ciddi nəticə çıxarmalı və quruma ciddi təpki göstərməlidirlər. ATƏT gözlənildiyi kimi bu məsələdə də uduzdu, qərəzli olduğunu ortaya qoydu. Qərəzli olan beynəlxalq əhəmiyyətli bir təşkilatdan isə yaxşılığa doğru istiqamətdə heç nə gözləmək olmaz. Rusiya və bir sıra digər dövlətlər bu fonda doğru olaraq ATƏT-in indiki format və reqlamentinə etiraz edir. Düşünürəm ki, ATƏT-in fəaliyyəti və onun strukturlaşmasına yenidən baxılmalıdır".

Həmsöhbətimiz bu qənaətdədir ki, artıq belə olan halda ATƏT seçkilərlə bağlı rəy vermək hüququnu da əldən vermiş oldu: "ATƏT və bəzi dairələr seçkiləri müşahidə etməkdən özlərini kənarda qoyurlarsa, onların seçkilərin nəticələrilə bağlı rəy bildirməyə də hər hansı bir haqqı yoxdur. Müşahidə yoxdursa, hansı rəydən söhbət gedə bilər? Seçkiləri müşahidə etmək o deməkdir ki, öz gözü ilə görüb qiymət verirsən. Amma ATƏT müşhidəçilikdən imtina edibsə, onların bu halda nəticələrə rəy bildirməsi heç bir real məntiqə sığmır. Müşahidə etmədən onlar rəy verəcəklərsə, bəri başdan deməliyik ki, ATƏT-in tutduğu mövqe əvvəlki tək qərəzli olmaqda davam edəcək".

Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd etdi ki, müşahidə missiyasından imtina etməklə ATƏT seçkilərə rəy bildirmək imkanını da əldən vermiş oldu: "ATƏT və bir sıra digər beynəlxalq qurumlar Azərbaycandakı seçkiləri müşahidə etməkdən imtina etməklə elə zənn etdilər ki, bununla ölkəmizdə baş tutacaq bu hadisəni kölgə altına qoya biləcəklər. Onlar düşünürdülər ki, atdıqları bu addımı digər beynəlxalq qurumlar da dəstəkləyəcək. Amma bu baş vermədi. Gördüyümüz kimi, seçkiləri müşahidə etməyə çoxsaylı xarici müşahidəçi gələcək. Hətta bildiyimə görə, onlar arasında Avstraliyadan olan müşahidəçilər də var. Bu fonda proses göstərdi ki, seçkiləri müşahidə etməkdən vaz keçən bu dairələr yenə də öz arqumentlərində yanılıblar. Deməli, sözügedən dairələrin Azərbaycanla bağlı tutduqlarl qərəzli mövqe xaricin özündə belə dəstək qazanmadı. Onlar bu əməllərilə Azərbaycana zərbə vura bilmədilər, əksinə, özləri-özlərini rüsvay etdilər.

Digər tərəfdən, seçkiləri müşahidə etməkdən imtina etməklə ATƏT ona rəy vermək imkanından da məhrum olurlar. Buna baxmayaraq, seçkilərdən sonra rəy bildirərlərsə, deməli, qeyri-ciddi qurum olduqlarını ortaya qoymuş olacaqlar".