Gürcüstan və Belarusdan olan sənətçilər Opera və Balet Teatrının səhnəsində

15 Oktyabr 2015 12:03 (UTC+04:00)

Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının tamaşası keçiriləcək.

"Toska" dünya klassik opera sənətinin ən dəyərli nümunələrindəndir. Bu opera uzun illərdir ki, teatrın repertuarındadır və hər dəfə müxtəlif vokal ulduzlarının ifasında operasevərlərə təqdim olunur.


Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tamaşada Toska partiyasını teatrın gənc solisti, Əməkdar Artist İlahə Əfəndiyeva ifa edəcək. Onun tərəf müqabilləri Kavaradossi rolunda Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı və müxtəlif beynəlxalq vokal müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili və Skarpia rolunda Belarus Milli Akademik Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov olacaqlar.


Azərbaycanın Xalq Artisti, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov və Cahangir Qurbanov da tamaşada rol alıblar.


Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.