“Manatın məzənnəsini bazar müəyyənləşdirməlidir” – Fikrət Yusifov

15 Oktyabr 2015 12:43 (UTC+04:00)

"Ciddi maliyyə rıçaqlarının mövcud olduğu bir şəraitdə manatın üzən məzənnəyə keçməsindən qorxmamalıyıq" Manatın məzənnəsi ilə bağlı məsələ yenə gündəmi zəbt edib. Üzən məzənnəyə keçmək ətrafında ciddi müzakirələr aparılır. Bəs əsl reallıq nədən ibarətdir? Azərbaycanın bu günkü iqtisadi reallıqları şəraitində milli valyutanın məzənnəsi hansı qaydada müəyyənləşməlidir? Doğrudanmı milli valyutamızı üzən məzənnəyə keçirməyin zamanıdır? "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, sərbəst iqtisadi siyasətin mövcud olduğu ölkələrdə milli valyutanın məzənnəsini bazar özü müəyyən etməlidir: "Azərbaycan da sərbəst iqtisadi siyasət yürüdür və deməli, manatın da məzənnəsini gec-tez bazar diqtə etməlidir. Bu günə qədər milli valyutamızın məzənnəsi Mərkəzi Bank tərəfindən administrativ qaydada müəyyən olunur. Bu qaydanın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də mövcuddur". F.Yusifovun fikrincə son bir il ərzində dünya bazarlarında neftin qiymətlərinin iki dəfədən çox aşağı düşməsi, Mərkəzi bankın valyuta rezervlərinin isə bu dövrdə təxminən 2 dəfə azalması üzən məzənnə variantına keçid məsələsini aktuallaşdırır: "Təcrübə göstərir ki, bazar iqtisadiyyatı yolunu tutmuş ölkələrdə milli valyutanın məzənnəsinin administrativ yolla müəyyən edilməsinin əsasını iqtisadi amillər deyil, sadəcə psixoloji amillər təşkil edir. Bizdə də bunun belə olduğu şübhə döğurmur. Mərkəzi Bankın bu məsələyə həddindən artıq ehtiyatlı yanaşması nə qədər başa düşülən olsa da, burada bir neçə məqamım mövcudluğu məsələyə münasibətin dəyişməsinə ehtiyac yaradır. Fikrimizcə, üzən məzənnəyə keçmək ölkədəki iqtisadi və maliyyə reallıqları şəraitində manatın məzənnəsinin zəifləməsinə yol aça bilməz. Diqqət edin, bu gün, bir il bundan əvvəlki qədər olmasa da, Azərbaycana bir çox ölkələrlə müqayisədə qat-qat artıq valyuta daxil olur. Tədiyyə balansımız kifayət qədər müsbət saldoya malikdir, Mərkəzi Bankın bu günə 7 milyard dollardan artıq valyuta ehtiyatları var. Bütövlükdə ölkənin valyuta ehtiyatları 42 milyard dolları ötür. Bütün bu maliyyə rıçaqlarının mövcud olduğu bir şəraitdə biz manatın üzən məzənnəyə keçməsindən nə üçün qorxmalıyıq? Əsas məsələ odur ki, bu ilin fevral ayında bir qrup təxribatçının mətbuat vasitəsilə yaratdıqları panik vəziyyət təkrar olunmasın. İnsanlarımız manatın məzənnəsinin üzən kursla müəyyən edilməsi yoluna keçilməsindən qətiyyən narahat olmamalıdırlar. Əksinə, üzən məzənnəyə keçid, ola bilsin ki, manatın məzənnəsinin bir qədər də möhkəmlənməsinə gətirib çıxarsın. Bunun belə ola biləcəyini deməyə əsas verən Azərbaycanın mövcud iqtisadi və maliyyə potensialıdır. Beynəlxalq Valyuta Fondu kimi nüfuzlu maliyyə institunun bu günlərdə Azərbaycan iqtisadiyyatının 2015-ci ili 4% artımla başa vuracağını açıqlaması, dediklərimizin nə qədər əsaslı oldugunun göstəricisidir. Vətəndaşlarımız bilməlidirlər ki, belə müsbət iqtisadi göstəricilərin mövcud olduğu bir şəraitdə manatın məzənnəsi bəzi "ekspertlərin" düşündüyü kimi təhlükədə ola bilməz". Rusiya təcrübəsindən söz açan iqtisadçı alim qeyd edib ki, üzən məzənnəyə keçdikdən sonra rublun qiymətinin bir neçə gün ərzində 8-10% dəyişməsinə artıq heç kim əhəmiyyət vermir və məzənnədə baş verən dəyişikliklər qiymətlərə praktik olaraq təsir göstərmir: "Qazaxstanın da bir müddətdir ki, eyni yolu seçdiyi hər kəsə bəllidir. Yənı yaxın gələcəkdə bizdə də Mərkəzi Bank belə bir addım atmaq qərarı verərsə, bu, heç kimi qorxutmamalıdır. Düşünürəm ki, belə bir addım atmazdan öncə Mərkəzi Bank bazardakı mövcud vəziyyəti ciddi təhlil edib, bütün məqamları tam aydınlaşdıracaq, mövcud reallıqları ən xırda detallarına qədər dəyərləndirəcəkdir. Ölkənin iqtisadi potensialı, mövcud valyuta ehtiyatları, dövrüyyədə olan manatın kütləsi və s. göstəricilər bu dəyərləndirmədə əsas kriteriya kimi çıxış etməlidir. Bütün bunlarla yanaşı isə həqiqətləri vətəndaşlara olduğu kimi çatdırmaq, dünyada gedən prosesləri ətraflı şəkildə izah etmək lazımdır. Heç bir narahatlığa əsas yoxdur. Əhali arasında panika yaratmaq istəyənlərin, mətbuatda təxribatçı çağırışlar yayanların davranışına isə hüquqi müstəvidə qiymət verilməlidir".