Nazir: 4 mindən çox borclunun ölkədən çıxmasına qadağa qoyulub

15 Oktyabr 2015 13:40 (UTC+04:00)

"Sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb".


Bunu Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin kollegiya iclasında deyib. Nazir qeyd edib ki, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir. Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlar kollegiyada struktur qurumlarının rəhbərlərinin iştirakı ilə müzakirə olunub, nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.


Nazir bildirib ki, qeyd olunan problemlə əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib.


Həmçinin, vergi borcları ilə bağlı və digər icra sənədlərinin icrası vəziyyətinə toxunularaq bildirilib ki, 2015-ci ilin ötən dövr ərzində qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan qərəzli şəkildə yayınan, həmçinin vergi borclarını ödəməkdən boyun qaçıran 3250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanılıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bununla yanaşı, vergi borcları ilə bağlı icra işinin səmərəliliyinin artırılması məqsədilə Vergilər Nazirliyi ilə birgə vergi ödəyiciləri barədə məlumatların elektron mübadiləsi üzrə tədbirlər həyata keçirilir.