Bakıda “Yapon bağı” salınıb

15 Oktyabr 2015 13:55 (UTC+04:00)

Bakı şəhərinin Xətai rayonunda, Heydər Əliyev parkı ərazisində "Yapon bağı"nın açılışı olub.

Movqe.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, Yaponiya ilə ikitərəfli əməkdaşlığın qurulması naminə "Kosugi" şirkətinin rəhbəri Saki Kosuqinin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin sentyabr və dekabr aylarında Bakıda, o cümlədən Xətai rayonunda səfərdə olub. O bildirib ki, səfər çərçivəsində Xətai rayonundakı Heydər parkında "Yapon bağı"nın salınması qərara alınıb: "Bağın tikintisinə 2015-ci ilin fevral ayından başlanıb və işlər iyul ayında başa çatıb. Parkda qədim yapon mədəniyyətini əks etdirən atributlar var. Həmçinin Azərbaycanın müxtəlif yerlərindən, xüsusən də Xızı dağlarından gətirilmiş təbii qaya və çay daşlarından "Şəlalə" kompleksi qurulub. Yaponiya Azərbaycanın strateji tərəfdaşıdır və hesab edirəm ki, bu əməkdaşlıq hər iki xalqın tərəqqisinə xidmət edəcək".

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxışında qeyd edib ki, bağ Bakı sakinlərinin yapon mədəniyyəti ilə tanış olması baxımından əhəmiyyətlidir: "Mən çox şadam ki, Bakıda belə bir bağ inşa edilib. Ümid edirəm ki, iki ölkə arasında dostluq əlaqələri daha da inkişaf edəcək".

Azərbaycan Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev isə bildirib ki, son illər ölkədə aparılan quruculuq işləri sayəsində 52 park salınıb və 100-dən artıq park təmir edilib. Onun sözlərinə görə, Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və sonradan hər iki dövlət arasında əlaqələr qurulub: "Mən ümid edirəm ki, bu bağ Bakı sakinlərinin istirahətində mühüm rol oynayacaq".


Sonda bağla tanışlıq olub.