Bu il SKMF xətti ilə sahibkarlara 166 mln. manatlıq güzəştli kredit verilib

15 Oktyabr 2015 19:10 (UTC+04:00)

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Şamaxı rayonunun Muğanlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirib.

Nazirlikdən movqe.az-a verilən məlumata görə, işgüzar forumda 80-a yaxın sahibkarın iştirak edib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev forum iştirakçılarına bildirib ki, bu il ərzində 4 400-dən çox sahibkara 166 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 10 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 707 investisiya layihəsinin maliyyələşdirilməsinə 58,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer təsərrüfatlarının, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Şamaxı və ətraf rayonlardan olan 60 sahibkara 563 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, üzümçülük, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək.