Ermənistan Suriyada Bəşər Əsəd rejiminə dəstək verir

17 Oktyabr 2012 08:44 (UTC+04:00)

Ermənistan dövləti Suriyadakı rejimə, hakimiyyətə dəstək verir. Bunu SalamNews-a Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan deyib.

O, Ermənistandan Suriyaya gedən humanitar yardım təyyarəsinin Ərzurumdakı hava limanına endirilməsinə münasibət bildirərərkən söyləyib ki, son hadisə Türkiyə tərəfindən bu ölkəyə xəbərdarlıq idi. Ümumilikdə Türkiyənin üzərindən Suriyaya uçan bütün təyyarələrin endirilməsinə Türkiyənin ixtiyarı var.

O vurğulayıb: "Bu məsələdə Ermənistanın vəziyyəti başqadır və buna xüsusi diqqət yetirilməlidir. Bir müddət əvvəl ABŞ-ın İrana silah satışına qoyduğu qadağaya Ermənistan məhəl qoymayaraq rəsmi Tehrana silah satışını həyata keçirirdi. İndi Suriyaya qoyulan silah embarqosuna baxmayaraq, Ermənistan rəsmi Dəməşqə müxtəlif yollarla silah və ya hərbi sürsatların çatdırılmasını həyata keçirir".

S.Oğan diqqətə çatdırıb ki, hazırda Ermənistan Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək verir: "Fikrimcə, Suriyada yaşayan, rejimə dəstək verən ermənilərlə rəsmi İrəvan arasında sıx bağlılıq var. Ona görə də Türkiyə üzərindən Suriyaya silah və hərbi surastların aparılmasına imkan verilməyəcək".

Sinan Oğan oktyabrın 10-da Rusiyanın "Vnukovo" hava limanından qalxan Suriyaya məxsus "Airbus A320" sərnişin təyyarəsini havaya qalxan iki türk qırıcısı tərəfindən Ankarada məcburi endirilməsinə" münasibət bildirərərkən deyib ki, təyyarənin içərisindən nə çıxdığı tam açıqlanmasa da, amma hərbi sursat olduğu məlumdur: "Bu hadisəni Rusiya ilə Türkiyə arasında əlaqələrin pozulması kimi qiymətləndirmək düzgün deyil. Çünki Rusiya ilə Türkiyə münasibətləri bir təyyarənin endirilməsi hadisəsi ilə pozulacaq vəziyyətdə deyil".