2015-ci ildə 2 milyard mobil telefon satılacaq
15 Oktyabr 2015 23:00 (UTC+04:00)
2019-cu ildə dünya mobil telefonlar bazarının
həcmi 2,24 milyard ədədə çatacaq ki, bunun da 2 milyardı
smartfonlar sinfinə aid olacaq. Bu barədə "CCS Insight" analitik
şirkətinin proqnozunda deyilir. Həmçinin bu il ekspertlər qlobal
mobil telefon satışını 2,01 milyard ədəd, smartfonların isə 1,45
milyard ədəd səviyyəsində olacağını
proqnozlaşdırırlar.
Çində tələbatın zəifləməsi ilə əlaqədar
mütəxəssislər bazar üzrə proqnozu azaldıblar. Əvvəlki hesabatda
2015-2019-cu illərdə mobil telefonların tədarükünün müvafiq olaraq
2,07 və 2,35 milyard ədəd olacağı bildirilib.
Eyni zamanda ekspertlər "4G" şəbəkəsini
dəstəkləyən qurğuların perspektivləri barədə optimist
fikirdədirlər. 2015-ci ildə dördüncü nəsil mobil rabitə şəbəkəsini
dəstəkləyən modellərin satışının 75 faiz artaraq 770 milyon ədəd
təşkil etməsi, 2019-cu ildə 1,44 milyarda çatması
proqnozlaşdırılır. "4G" telefonların tədarükü üzrə bundan əvvəlki
proqnoz müvafiq olaraq 670 milyon və 1,29 milyard ədədi nəzərdə
tutub.
Analitiklərin fikrincə, smartfon istehsalçılar
arasında mədaxilə görə lider olan "Apple" şirkəti yaxın iki ildə
bazardakı mövqeyini qoruya biləcək.
Digər istehsalçılar isə artmaqda olan rəqabət
şəraitində müəyyən çətinliklərlə üzləşə bilərlər. Belə ki, mobil
telefonların tədarükünə görə birinci yeri tutan "Samsung" şirkətini
Çinin "Huawei", "Lenovo" və "Xiaomi" istehsalçıları getdikcə daha
çox sıxışdırmağa başlayıb. 2015-ci ilin birinci yarısında
şirkətlərin bu müddətdə 550 milyon satılmış "Android" sistemli
smartfonlarda payı 21 faizə bərabər olub.
Yerli bazarda uğur qazanan Çin şirkətləri ölkədən
xaricdə iştiraklarını genişləndirməyə çalışırlar. "CCS Insight"-ın
proqnozuna görə, bu il "Android" mobil əməliyyat sisteminin
idarəetməsi ilə işləyən qurğuların orta qiyməti 8 faiz azalaraq 164
dollar təşkil edəcək.
Həmçinin qeyd olunur ki, əsas lider platformalar
"Android" və "iOS" digər əməliyyat sistemlərini sıxışdırır.
Analitiklərin fikrincə, mövqeyini yalnız 2017-ci ilədək mobil
telefonlar bazarında biznes istifadəçiləri sayəsində payı 4 faiz
olacaq "Windows" sistemi qoruyub saxlaya bilər, - "DailyComm" yazır.