Regionların hesabına Bakının vergi yükü azalacaq

16 Oktyabr 2015 10:00 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycan büdcəsinin formalaşmasında vergilərin xüsusi rolu vardır. Azərbaycanda ölkə üzrə toplanan verginin hələ də böyük hissəsi Bakı və Bakıətrafı ərazilərə düşür. Bununla belə son illər ölkərə regionların inkişafı istiqamətində atılan addımlar fonunda, bölgələrin də vergi yükü tədricən də olsa artır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, biznesin paytaxtdan regionlara transfer edilməsi, regionlarda azad iqtisadi zonaların yaradılması, ora investisiya axınının gücləndirilməsi son nəticədə Bakının da vergi yükünün azalmasına gətirib çıxaracaq: "Əslində, hazırda Bakı üzrə vergi dərəcələri regionlarla müqayisədə daha yuxarıdır. Yəni regionlarda daha aşağı faizlə vergi dərəcələri tətbiq olunur, Bakıda isə bölgələrə nisbətən vergi dərəcəsi yüksəkdir. Məsələn, sadələşdirilmiş vergi dərəcələri Bakıda regionlara nisbətən iki dəfəyə qədər çoxdur. Bu aspektdən yanaşdıqda Bakının vergi yükünün bölgələrlə müqayisədə daha çox olduğunu görürük.

Sadələşdirilmiş vergi dərəcəsinin bölgələrlə müqayisədə paytaxtda çox olması da məhz Bakının vergi yükünün artıq olmasına gətirib çıxarıb. Belə olan halda sözsüz ki, Bakı ilə regionların vergi yükü arasındakı kəskin fərqlərin azaldılması və müəyyən balansın formalaşmasına ehtiyac vardır. Amma yaxın dövrlər üçün bu sahədə balans yaratmaq təbii ki, mümkün deyil. Yəni, problemi qısa zamanda həll etmək mümkünsüzdür. Biznes vergi yükünün əsasən Bakının payına düşməsi praktik olraq, paytaxtın daha çox vergi ödəməsinə gətirib çıxarıb. Ölkə üzrə bütün biznesin 90 faizi məhz Bakı ərazisində cəmlənib. Bu fərqi aradan qaldırmaq üçün bir sıra addımlar atılmalıdır. İndiki məqamda birmənalı şəkildə çalışmaq lazımdır ki, biznesin paytaxtdan regionlara transfer edilməsinə nail olmaq mümkün olsun. Bu istiqamətdə atılmalı olan əsas addımlardan biri də regionlarda biznesin liberallaşdırılmasının davam etdirilməsi və daha liberal biznesə malik olmaqdan ibarətdir.

Eyni zamanda, iş adamlarının fəaliyyətinə müdaxilələr aradan qaldırılmalıdır. Bu imkan verəcək ki, investisiyaların paytaxtdan regionlara axınına nail olunsun. Bu da daha çox vergi ödəməsi üçün şərait yaradır. Eləcə də xüsusən regionları əhatə edəcək xüsusi və azad iqtisadi zonaların yaradılmasına ehtiyac vardır. Azad iqtisadi zonaların yaradılması həm də ona görə vacibdir ki, regionlara investisiya cəlb etmək mümkün olsun. Bu yolla regionlarda biznesin daha da genişlənməsi baş verəcək. Belədə regionların vergi yükü də artacaq, onlar daha çox vergi ödəyəcək. Bütövlükdə bölgələr arasında vergi balansının formalaşması üçün regionlara investisiya cəlbinin artırılmasına çalışmaq lazımdır. Bunun baş verməsi məhz vergi yükü arasındakı fərqlərin aradan qalxmasına və bölgələri üzrə vergi artmasına gətirib çıxaracaq".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, bölgələrdə sahibkarlıq fəaliyyətinə daha geniş geniş imkanlar yaratmaq yolu ilə regionların vergi ödəyicisi kimi çəkisinin artmasına nail olmaq olar: "Bildiyiniz kimi 2003-cü ildən üzü bəri regionların sosial-iqtisadi inkişafı proqramları həyata keçirilir. Bu proqramlarda yerli əhalinin işlə təmin olunması üçün iş yerlərinin açılması məsələləri də var. Amma indiyə kimi ölkənin əsas iqtisadi fəal zonası Bakı-Abşeron zonası sayılmaqda davam edir. Ölkə və regionlar üzrə iqtisadi potensialı, rayonların vergi yükünün artırılmasını istəyiriksə, mütləq şəkildə bölgələrdə sahibkarlıq fəaliyyətinə daha geniş şərait yaratmaq lazımdır".