MTRŞ teleaparıcılar barədə qərar qəbul edəcək

15 Oktyabr 2015 20:40 (UTC+04:00)

"Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin imkan verdiyi dərəcədə aparıcıların efirdəki davranışlarına nəzarət edirik. Efir mədəniyyəti, aparıcılıq səviyyəsi aşağı olan aparıcılarla bağlı qərar qəbul ediləcək". Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, aparıcıların efirdəki davranışları Şurada diqqətlə izlənilir.

T. Dadaşov qeyd edib ki, bütün hallarda yayımçıların bu məsələdə özləri maraqlı olmalıdırlar: "Aparıcılar kanalların sifətidir. Aparıcılar telekanalların ictimaiyyət arasında nüfuzunu artıra da, azalda da bilər. Onların efirdəki davranışı birbaşa telekanalların özlərinin mənafeyi ilə bağlı olan məsələdir. Telekanal rəhbərliyi bu məsələdə daha diqqətli olmalıdır, bu telekanalları daha çox maraqlandırmalıdır".