Barak Obama və Mitt Romni ikinci debatda qarşılaşdılar
17 Oktyabr 2012 12:29 (UTC+04:00)
Prezident Barak Obama və Respublikaçı namizəd Mitt Romni Nyu Yorkda
Hofstra Universitetində ikinci dəfə üz-üzə gəliblər. Seçicilərlə
görüş formatında keçirilən debatda vətəndaşlardan 11 sualı
cavablandıran namizədlər işsizlik, enerji, vergilər, və xarici
siyasət məsələlərini müzakirə etdilər. Ötən dəfəki debatdan
fərqli olaraq, bu dəfə Barak Obama daha çox ötkəmlik nümayiş
etdirdi və Mitt Romnini bəzi məqamlarda sərt tənqid etməkdən
çəkinməyib.
Romninin iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü beş müddəalı
plana rişxənd edən cənab Obama Respublikaçı namizədin Bain Capital
şirkətindəki fəaliyyətini önə çəkib: "Qubernator Romninin beş
müddəalı planı yoxdur, bir müddəalı planı var. Bu plan odur ki,
yuxarı sinfin nümayəndələri fərqli qaydalarla oynasınlar," deyə
cənab Obama bildirib.
Öz növbəsində Romni Obamanın dəyərləndirməsini reallıqdan xeyli
uzaq adlandırdı. Respublikaçı namizəd bəyan edib ki, orta sinfi
sıxan onun planları deyil, prezidentin son dörd ildə yürütdüyü
siyasətdir. "Prezidentin siyasəti amerikalıları işə
qaytarmayıb," deyə Romni bildirib. Namizədlər tez-tez
bir-birinin sözünü kəsib, bəzi hallarda aqressiv qarşıdurmaya
çıxırıblar. Liviyada ABŞ səfirinin öldürülməsi haqda
deyilənlərə kəskin reaksiya verən prezident Obama rəqibinin onun
milli təhlükəsizlik məsələlərini siyasiləşdirməsi haqda dediklərini
"təhqiramiz" adlandırıb. Prezident debat izləyicilərini əmin edib
ki, onun administrasiyası ABŞ-a qarşı terror aktları törtəmiş
adamları cəzalandıracaq.