İtaliyalı professordan maraqlı Qarabağ açıqlaması

17 Oktyabr 2012 12:31 (UTC+04:00)

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında İtaliyanın C.Verdi adına konservatoriyanın xor və improvizə professoru Davide Gualieri ilə icmanın sədri Bayram Səfərovun, idarə heyəti üzvlərinin və Dağlıq Qarabağdan olan istedadlı gənclərin iştirakı ilə görüş keçirilib.

İcmadan Mövqe.Az-a verilən xəbərə görə, icmanın idarə heyətinin üzvü Ramiq Məhərrəmov çıxışında hazırda Qarabağda yaşayan ermənilərin müharibədən əvvəl orada yaşamadıqlarını, hazırkı cinayətkar və qorxaq rejimin hər cür vəchlə mövcud sistemi saxlamağa çalışdığını söyləyib.

O, qonağa müraciətlə deyib ki, bu problemin, Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünyaya çatdırılmasında onun kimi mədəniyyət nümayəndələrinin rolu və önəmi əvəzsizdir.

Xankəndi və Xocalı sakinləri xatirələrindən və o zaman baş verən hadisələrin bilavasitə şahidi olduqlarından danışıblar.

D.Gualtieri Federico Fellininin çəkdiyi filmdən nümunə gətirərək şuşalıları neapollulara bənzətdiyini bildirib: "Mən inanıram ki, Dağlıq Qarabağ problemi ən qısa zamanda sülh yolu ilə həll olunacaqdır".