İntiqam Babayev: Alimlər üçün gənclik yaş senzinin 40-a qaldırılması təklifi ilə Milli Məclisə müraciət ediləcək

16 Oktyabr 2015 16:40 (UTC+04:00)

Azərbaycan Gənclər və İdman Nazirliyi alimlər üçün gənclik yaş senzinin 40 yaşa qaldırılması məqsədilə "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklərin edilməsi təklifi ilə Milli Məclisə müraciət edəcək.


Bunu Trend-ə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.


Nazir müavini qeyd edib ki, "Gənclər siyasəti" haqqında qanunda "gənc ailə", "gənclər təşkilatları", "gənc vətəndaş" anlayışları göstərilsə də, "gənc alim" bir anlayış kimi qeyd edilməyib: "Buna görə də "gənc alim" anlayışının da qanuna daxil edilməsi zərurəti var. Biz gənc alimin gənclik yaş senzinin 40 yaşadək artırılmasını düşünürük və bu barədə təkliflərimizi parlamentə təqdim edəcəyik. Ancaq son nəticəni parlament deyəcək. Yeni parlament seçildikdən sonra biz "Gənclər siyasəti haqqında" qanuna əlavə və düzəlişlərin edilməsi üçün təkliflər paketimizi təqdim edəcəyik".