Aqrar sahədə gübrələrə ayrılan subsidiyaların həcmi artırılır

17 Oktyabr 2015 12:00 (UTC+04:00)

"Növbəti mövsüm üçün gübrələrə ayrılacaq subsidiyaların həcminin artırılması gözlənilir". Bunu Kənd Təsərrüfatı Nazirliyi Aparatının İcmallaşdırma və Statistika Şöbəsinin müdiri Firdovsi Fikrətzadə deyib. O, keçən ilə nisbətən cari il aqrar sahəyə ayrılan subsidiyaların həcminin çox olduğunu bildirib. Belə ki, bu ilin 9 ayında kənd təsərrüfatına ayrılan subsidiyaların həcmi ötən ilin 12 ayı ilə müqayisədə 7,4% artıb.

Mütəxəssislər gübrələrə ayrılacaq subsidiyaların həcminin artırılmasını müsbət qarşılayırlar. Bu, məhsuldarlığın artmasına səbəb olacaq. Ancaq bununla yanaşı, subsidiyaların verilmə mexaziminə də yenidən baxılması təklif edilir. Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, ümumiyyətlə, Azərbaycanda subsidiyaların verilməsi istehsala az təsir edir: "Buna görə də subsidiyaların verilməsi mexanizminə yenidən baxılmalıdır. Təzad ondan ibarətdir ki, subsidiya veriləndən sonra istehsalla yanaşı, idxal da artıb. Hətta ölkə başçısı müşavirələrdə bir neçə dəfə təkrar vurğuladı ki, verilən subsidiyalar fermerlərə tam çatmır.

Digər problem odur ki, ümumiyyətlə, ayrılan mineral gübrənin həcmi azdır. Bir çox halda gübrənin paylanmasını təşkil edən anbarlar kənddən kilometrlərlə uzaqda olur. Bu da fermer üçün əlavə xərc tələb edir. Gübrələrin verlməsində dəqiq mexanizm hazırlanmalıdır. Bundan başqa, gübrənin keyfiyyəti ilə bağlı problem də öz həllini tapmalıdır. Onların birbaşa fermerlərə çatdırılması qaydaları dəqiq müəyyən edilməlidir. Məsələn, fermer özü gəlib almamalıdır. Müəyyən günlər təyin edilməli və gübrələr həmin günlər kəndlərə gətirilməlidir. Bununla da fermerlər birbaşa kəndlərdə öz paylarını əldə biləcəklər. Bütün bunlar həll edildikdə gübrələrə verilən subsidiyaların effektiv nəticəsini görə bilərik".

Aqrar məsələlər üzrə digər bir mütəxəssis Çingiz Fərəcov bildirir ki, gübrəsiz yüksək keyfiyyətli məhsul almaq qeyri-mümkündür: "Çünki, hər il kənd təsərrüfatında istehsal olunan bitkiçilik məhsulları özləri ilə torpaqdan azot, fosfor və kalsium gübrələrini çıxarır. Ona görə də ildən-ilə torpağın münbitliyi aşağı düşür. Bu baxımdan məhsuldarlıq da azala bilər. Odur ki, torpağa normaya əsasən, gübrənin verilməsi vacibdir.

Amma təəsüflər olsun ki, hazırda respublikamızda kənd təsərrüfatında daha çox kiçik sahibkarlıq mövcuddur. Orta və iri sahibkarlıq nisbətən azdır. Kiçik sahibkarların çoxunun da gübrə almağa maddi imkanları yoxdur. Gübrənin qiymətinin yarısının dövlət hesabına ödənilməsi böyük qayğı deməkdir. Ona görə də nə qədər çox sahibkar gübrə alarsa, torpağa daha çox gübrə verilər. Bu zaman məhsul istehsalı da artmış olar. Düzdür, bəzi fermerlər gübrə almaqda çətinlik çəkirlər. Çünki, onun qiymətinin yarısını məhz fermerin özü ödməlidir. Ancaq 2013-cü ilə nisbətən 2014-cü ildə, 2014-cü ilə nisbətən 2015-ci ildə daha çox sahibkar gübrə alıb ki, bu da ürəkaçandır. Deməli, onların maddi imkanları xeyli yaxşılaşıb. Amma torpağa sahib olan bütün fermerlərin hamısının güzəştli gübrə ala bilmələrinə nail olmaq lazımdır. Çünki, Azərbaycan torpaqlarını gübrəyə ehtiyacı var. Buna görə də nə qədər çox sahibkar gübədən istifadə edərsə, bir o qədər məhsul bol olar. Bol məhsul isə qiymətlərin ucuzlaşması deməkdir. Bu da insanların aqrar məhsullara olan tələbatlarının ödənilməsinə gətirib çıxaracaq".