Radikal müxalifət yenə çuğulluq edir

17 Oktyabr 2015 11:15 (UTC+04:00)

Seçki öncəsi radikal müxalifət yenə də donos verməyə başlayıb. Belə ki, Milli Şuranın sədri Cəmil Həsənli oktyabrın 15-də Niderland Krallığının Azərbaycandakı səfiri Robbert J.Gabrielse ile görüşüb. Görüş zamanı Azərbaycanda keçirilən parlament seçkiləri, habelə digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Aydındır ki, səfirə verdiyi xəbərlərdə Cəmil Həsənli seçkilərlə bağlı əsassız və subyektiv olsa da, yalnız mənfi istiqamətdə olan məlumatlar çatdırıb.

Siyasilərin fikrincə, bu addımlar müxalifətin kimlərə, nə məqsədlə xidmət etməsini bir daha sübut edir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirir ki, bu, radikal müxalifətin donosçuluq fəaliyyətinin davam etdiyini bir daha göstərir: "Prinsipcə, hazırda Cəmil Həsənlinin hansısa siyasi statusu yoxdur. Çünki, Milli Şura adlanan qurum rəsmi dövlət qeydiyyatından keçməmiş və qeydiyyatdan keçməyə belə heç bir ehtimalı olmayan qurumdur.

Azərbaycanda "Siyasi partiyalar haqqında" Qanuna görə, siyasi hərəkatların formalaşdırılması qanunla qadağan edilir. Siyasi fəaliyyətin yeganə formatı siyasi partiyadır. Cəmil Həsənli isə siyasi partiyanın nə üzvü, nə də sədri deyil. Bu baxımdan Niderland səfirinin Cəmil Həsənli ilə hansı çərçivədə bu məsələləri müzakirə etdiyini anlamaq mümkün deyil. Bu, bir daha sübuta yetirir ki, xarici ölkələrin səfirləri özlərinin himayə etdiyi radikal düşüncəli insanları və yaxud da məqsədyönlü şəkildə radikallaşmış insanları daim gündəmdə saxlamağa çalışırlar. Bu da onların bilvasitə öz maraqlarını təmin etmək üçün atdıqları addımlardı. İndiki şəraitdə bu görüşü də bu müstəvidən dəyərləndirmək olar. Cəmil Həsənli kiminlə görüşürsə görüsün, bu, onun siyasi fəaliyyətinin spektrinə və ya ictimai nüfuzuna nə cürsə təsir göstərməyəcək. Bu adam alim kimi özünün ictimai nüfuzunu Əli Kərimli üçün sonuna qədər xərcləmiş və özünü bitirmiş bir siyasətçidir".

Gənc siyasi–analitik Seymur Süleymanov bildirdi ki, parlament seçkilərinə çox az bir müddət qalmış vaxtda müxalifət düşərgəsinin təmsilçiləri səfirlik binalarında tez-tez görüşlər keçirirlər: "Bu, görüşlər ilk dəfə deyil. Bu il ərzində AXCP, Musavat və Milli Şura may-iyun aylarında da Qərb ölkələrinin və ən əsasən də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çesli ilə də dəfələrlə görüşlər keçiriblər. Ancaq bu görüşlərin heç bir nəticəsi olmayacaq. Heç kəsə sirr deyil ki, AXCP və Musavat Qərbin maraqlarına xidmət edən qeyri-legitim partiyalardır.

Radikal müxalifət seçkinin ölkədə azad və demokratik baş tutacağından narahatdır. Səfirlik binalarının qapısı önündə yatıb-duran radikal müxalifət təmsilçilərinin Qərbdən umduqları seçkiqabağı Azərbaycan hökümətinə təzyiqlərin edilməsidir. Radikal müxalifətin və ya başqa cür desək, Qərbin Azərbaycandakı keşikçilərinin seçkilərdə iştrak etməmək əmri məhz xaricdən gəlir. Onlar da bu əmrə boyun əyib, qarşılarına qoyulan missiyaya əməl etmək məcburiyyətindədirlər".