Azərbaycanda sığorta olunmuş əmanətlərin 71 faizi dollarda yerləşdirilib

17 Oktyabr 2015 18:00 (UTC+04:00)

2015-ci ilin doqquz ayının yekununa əsasən, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzv banklarında fiziki şəxslərin cəmi əmanətləri (7 336 milyon manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 60%-ni təşkil edib. Bu barədə Movqe.az ADIF-in saytına istinadən məlumat verir.

Hesabat dövrünə fiziki şəxslərin ümumi əmanətləri 659 milyon manat (10%), qorunan əmanətlər 2003 milyon manat (66%) artıb, qorunmayan əmanətlər isə 1344 milyon manat (-37%) azalıb.

Cari ilin doqquz ayının yekununda fiziki şəxslərin (7 336 mln. manat) cəmi əmanətlərinin 69%-ni (5 044 mln. manat) qorunan əmanətlər, 31%-ni ( 2 292 mln. manat) isə qorunmayan əmanətlər təşkil edib.

Hesabat dövründə kompensasiya olunan əmanətlər ilin əvvəlinə olan göstərici ilə müqayisədə 31% (528 milyon manat) artaraq 2 213 milyon manat olub ki, bu da ümumi əmanətlərin 30%-ni, qorunan əmanətlərin isə 44%-ni təşkil edir.

Üzv banklar tərəfindən 7 304 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 634 971 nəfəri (91%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,6%-nin (6 240 434 nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır.

Qorunan əmanətlərin 71%-i ABŞ dollarının, 25%-i manatın, 4%-i avronun payına düşür.

Hazırda Fondun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir.

ADIF-in sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 78,7 milyon manat məbləğində dövlət qiymətli kağızların da yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,2 % təşkil edib. Fondun 5,0 milyon avro vəsaiti isə "Deutsche Asset & Wealth Management International" şirkəti vasitəsilə idarə olunur.

Fondun doqquz ayının yekununa əsasən gəlirləri 19,2 milyon manat olub ki, bunun da 16,5 mln. manatını təqvim haqları, 20 min manatı üzvlük haqları, 2,6 mln manatını isə faiz və digər gəlirlər təşkil edib. Fondun cəmi xərcləri 1,2 milyon manat olub.

2015-ci ilin III rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 43-dür.

Qeyd edək ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12%-dir.

24 fevral 2015-ci iltarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixdən etibarən qorunan əmanət hesab olunur və Fond tərəfindən sığortalanır.

Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.