Avropa İttifaqı İrana qarşı qadağaların ləğv olunması üçün qanunvericilik bazası qəbul edib

19 Oktyabr 2015 11:30 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) oktyabrın 18-də İrana qarşı qadağaların ləğv olunması üçün qanunvericilik bazası qəbul edib.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və İranın xarici işlər naziri Cavad Zərifin Brüsseldə yayılan birgə bəyanatında bildirilir.

"Bu gün İranın nüvə proqramı üzrə "Birgə hərtərəfli fəaliyyət planı"nın (BHFP) qəbulu günüdür. Aİ bu gün nüvə proqramı ilə bağlı olan bütün iqtisadi və maliyyə sanksiyalarının ləğvi üçün qanunvericilik bazası qəbul edib", - deyə bəyanatda qeyd olunur.

Sənəddə bildirilir ki, "İran indi tam və səmərəli başa çatdırmaq niyyəti ilə öz öhdəliklərini yerinə yetirməyə başlayır, Beynəlxalq Atom Enerjisi Agentliyi isə bu addımların monitorinqi və yoxlanılması üçün lazımi işlər görəcək".

"Bütün tərəflər BHFP-nın reallaşdırılmasına mümkün qədər tez başlamaqda əvvəlki kimi qətiyyətlidir. Biz bu məqsədlə bütün zəruri hazırlıqları görəcəyik", - deyə Moqerini və Zərifin birgə bəyanatında qeyd olunur.