"Qəbələ" azarkeşləri ilə görüşüb

19 Oktyabr 2015 13:10 (UTC+04:00)

UEFA Avropa Liqasının qrup mərhələsinin oktyabrın 22-də keçiriləcək "Qəbələ" – "Borussiya" (Dortmund, Almaniya) oyunu öncəsi komandanın üzvləri ilə media nümayəndələri və azarkeşlər arasında görüş keçirilib.

Movqe.az Goal.az-a istinadən məlumat verir ki, görüşdə komandanın baş məşqçisi Roman Qriqorçuk, oyunçulardan Aleksey Qay, Ruslan Abışov və Aleksey Antonov iştirak ediblər. Futbol direktoru Toni Adams, klub rəsmiləri, köməkçi məşqçilər Mixaylo Savka, Sənan Qurbanov və Andrey Qluşenko əvəzedici komandanın məşqçisi, sabiq futbolçumuz Elmar Baxşıyevin də qatıldığı tədbirə hücumçu Sergey Zenyov da təşrif buyurub. "Qəbələ" İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov çıxış edərək görüş, həmçinin "Forma al, qalib ol" kampaniyası haqda məlumat verib. Ardınca media nümayəndələri və azarkeşlər arasında müsabiqələr keçirilib. Qriqorçuk, Qay, Abışov və Antonovla bağlı sualları tapan 8 qonaq – 4 azarkeş və 4 media nümayəndəsi klubun xüsusi hədiyyələri ilə mükafatlandırılıb. Görüşdə iştirak edənlər futbolçularla şəkil çəkdiriblər. Tədbir zamanı komandanın baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb. Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdıran mütəxəssis belə görüşlərin vacibliyini, eyni zamanda sevindirici olduğunu vurğulayıb. Qarşıdakı oyunun marağını və əhəmiyyətini qeyd edən baş məşqçi bütün azarkeşləri "Borussiya" ilə qarşılaşmanı izləməyə dəvət edib.