Fazil Məmmədov vergi daxilolmaları ilə bağlı proqnozun azaldılmasının səbəblərini açıqlayıb

19 Oktyabr 2015 13:47 (UTC+04:00)

Vergilər naziri Fazil Məmmədov 2016-cı ilin dövlət büdcəsində vergi daxilolmaları ilə bağlı proqnozun azaldılmasının səbəblərini açıqlayıb.

 

Movqe.az-ın məlumatına görə, F. Məmmədov deyib ki, yaxın illərdə biznes, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olaraq nəzərdə tutulub: "Burada məqsəd vergitutma bazasının genişlənməsinə şərait yaratmaqdır. Ona görə, Maliyyə Nazirliyi tərəfindən növbəti ildə qeyri-neft sektoru üçün proqnozlar eyni səviyyədə saxlanılıb. Həm sahibkarlara, həm də vergi orqanlarına manevr imkanları verilib ki, inzibatçılıq artsın, eyni zamanda, vergitutma bazası genişləndirilsin. Prezidentin bizim qarşımızda qoyduğu əsas məqsəd digər orqanlarla birlikdə vergi orqanlarının büdcənin cari müdafiə olunan xərclərinin tam ödənilməsini təmin etməkdir. Yəni, burda söhbət yaxın 2 il ərzində transfert olunmadan xərclərin təmin edilməsindən gedir".

 

Qeyd edək ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək.