Azərbaycan prezidenti Kosta-Rikanın xarici işlər nazirini qəbul edib

19 Oktyabr 2015 15:15 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

Movqe.az-ın məlumatına görə, Azərbaycanla Kosta-Rika arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyən prezident İlham Əliyev nazir Manuel Qonzales Sanzın ölkəmizə səfərini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən dövlət başçısı Azərbaycanın ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb, əlaqələrimizin gələcəkdə müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə genişləndirilməsinin vacibliyini qeyd edib.

M. Sanz isə indiyədək Azərbaycana Kosta-Rikadan ən yüksək səviyyəli dövlət nümayəndəsi kimi səfər etməsindən məmnunluğunu bildirib. O, Bakıda gördüyü sürətli inkişaf proseslərinin, paytaxtımızda həyata keçirilən abadlıq və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyib. Nazir öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.