Qalib jurnalistlər mükafatlandırıldı

19 Oktyabr 2015 14:44 (UTC+04:00)

Bu gün Dövlət Statistika Komitəsində (DSK) Dövlət Statistika Komitəsi  və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF) 20 oktyabr Ümumdünya Statistika Günü ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, tədbir iştirakçılarını salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 20 oktyabr Ümümdünya Statistika Günü münasibəti ilə bu sektorda çalışanları təbrik etdi. Daha sonra Azərbaycan Dövlət Statistika Komitəsinin keçdiyi tarixi yoldan danışan T. Budaqov son illər bu sahədə aparılan islahatlardan danışdı. Ölkə başçısının sərəncamı ilə Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşının fəxri adla təltif olunduğunu söyləyən Komitə sədri, İlham Əliyevin bu sahəyə qayğısından söz açdı. Tədbirdə Ümümdünya Statistika Gününə həsr olunmuş Azərbaycan Dövlət Statistika Komitəsinin tarixinə ekskursiya edən videoçarx nümayiş olundu.  DSK-nın Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov cari ilin 9 ayında ölkənin iqtisadi və sosial inkişafının yekunları ilə bağlı statistik  icmalı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq 20 oktyabr Ümümdünya Statistika Günü münasibətilə bu sektorda çalışanları təbrik etdi. Daha sonra V. Səfərli 20 oktyabr Ümümdünya Statistika Günü ilə əlaqədar "Daha təkmil statistika - daha yaxşı həyat"  mövzusunda elan olunmuş fərdi jurnalist yazı müsabiqəsinin keçirilməsinin məqsədindən söz açdı. V. Səfərli qeyd etdi ki, müsabiqənin keçirilməsinin məqsədi Azərbaycan statistikasının tarixi, bugünü və gələcək inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır: "Ümid edirəm ki, bu tədbir bundan sonra Dövlət Statistika Komitəsi ilə medianın daha yaxından əməkdaşlıq etməsinə təkan verəcək. KİVDF-nin DSK ilə birgə elan etdiyi müsabiqəyə 35 yazı daxil olmuşdu. Həmin yazıların qiymətləndirilməsi prosesində Fondun ekspertləri ilə yanaşı DSK-nın nümayəndələri də iştirak edib. Müsabiqədə I yer üçün bir; II yer üçün iki; III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdu. Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafat  veriləcəkdi. Amma müsabiqə üçün daxil olan yazıların sayı çox olduğundan, biz DSK ilə belə qərara gəldik ki, həvəsləndirici mükafatların sayı 10 olsun".

Tədbirdə qaliblər, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu və pul mükafatı ilə təltif olundular.