Azərbaycanın Dövlət Müstəqilliyi Günü Pakistanda qeyd olunub

19 Oktyabr 2015 16:14 (UTC+04:00)

Pakistan-Azərbaycan Media Forumu tərəfindən 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə İslamabadda Baydar-e Fikir Düşüncə Quruluşunda tədbir keçirilib. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Tədbirdə Pakistanın siyasi və ictimai xadimləri, media mənsubları, elm adamları, araşdırmaçılar iştırak ediblər.

Tanınmış siyasi xadim, sabiq Xarici İşlər Katibi Əkrəm Zəkinin əsas qonaq qismində qatıldığı tədbiri giriş sözü ilə açan Pakistan-Azərbaycan Media Forumunun sədri, jurnalist Raja Cavid Əli Batti Azərbaycanın siyasi tarixi, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu barədə məlumat verib. Forumun sədri sonra müstəqilliyin önəmli mərhələləri olan 20 Yanvar və Xocalı Soyqırımı zamanı Azərbaycan xalqının fədakarlığından və azadlıq əzmindən danışıb.

O qeyd edib ki, müstəqilliyin qorunması onu qazanmaqdan daha çətindir: "Azərbaycan 1918-1920-ci illərdə azadlığına qovuşsa da, xarici müdaxilə və bir sıra daxili amillər səbəbindən qorumaq mümkün olmadı. Azərbaycan xalqı tarixi fürsətdən yararlanıb istiqlaliyyət bayrağını yenidən ucaltdı".

Tədbirin əsas qonağı Ə.Zəki müstəqilliyin qazanılmasından sonrakı mərhələdə onun beynəlxalq aləmdə qəbul etdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini, 2 mart 1992-ci ildə BMT üzvü olduqdan sonra ölkə parlamentinin milli bayraq, himn və gerb kimi dövlət rəmzlərini müəyyən etdiyini vurğulayıb, Azərbaycanın 1991-ci ildə nümayiş etdirdiyi iradənin nəticəsi olaraq ilbəil güclənərək inkişaf etdiyini, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün siyasi və iqtisadi önəminə görə regionun və dünyanın sayğı duyulan ölkələrindən birinə çevrildiyini iştirakçıların diqqətinə çatdırıb.

Pakistan dövlət kəşfiyyatının Koordinasiya direktoru, polkovnik Muştaq Qureyşi bildirib ki, istiqlaliyyət yolunda yüzlərlə oğul-qızını fəda edən Azərbaycan əzmlə yeni həyata doğru addımladı və bu gün dünyanın aparıcı dövlətlərindən birinə çevirilib. 1991-ci ilin 18 oktyabrında Konstitusiya aktı ilə Azərbaycan parlamenti dövlət müstəqilliyini bərpa edib. Aktda etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyinə təminat verilib. Bununla da ağır tarixi şəraitdə ölkənin müstəqil siyasi varlığının əsası qoyulub, dünyada tanınıb.