Misirdə parlament seçkilərinin birinci mərhələsinin ikinci günü başlayıb

19 Oktyabr 2015 20:00 (UTC+04:00)

Misirdə parlament seçkilərində səsvermənin birinci mərhələsinin ikinci - həlledici günü başlayıb. Oktyabrın 18-19-da keçirilən bu mərhələdə Misir vətəndaşları ölkənin 14 əyalətində səs verirlər.

Yerli KİV-lərin məlumatına görə, səsvermənin birinci günü - oktyabrın 18-də seçicilərin məntəqələrə az sayda və bəzi seçki dairələrində isə orta sayda gəlməsi ilə başa çatıb. Vurğulanılır ki, müşahidəçilər axşam saatlarında fəallığın müəyyən artımını qeydə alıblar.

Ali Seçki Komissiyasının məlumatlarına görə, yaşlılar və qadınlar səsvermədə daha fəal olublar. Müşahidəçilər səsvermənin yaxşı təşkil edilməsini, təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını, pozuntu və şikayətlərin az sayda olmasını qeydə alıblar. Bir gün ərzində pozuntu ilə bağlı cəmi 31 şikayət qeydə alınıb və onlar səsvermənin gedişini heç bir təsir göstərməyib. Ali Seçki Komissiyasının rəsmi nümayəndəsi Omar Marvan bildirib ki, seçicilərin iştirakı haqqında son məlumatlar səsvermənin ikinci gününün sonunda məlum olacaq.

Bununla belə, hökumətin başçısı Şərif İsmayıl oktyabrın 19-nu ölkənin səsvermə keçirilən əyalətlərindəki dövlət müəssisələrində qısa iş günü elan edib. Özəl şirkətlərə isə əməkdaşların səsvermədə iştirak etmələrinə şərait yaratmaq məsləhət görülüb. Hökumətin belə qərarı seçkidə iştirak edənlərin fəallığının artırılması məqsədi daşıyır.

Bu gün seçici məntəqələrinə gələn seçicilərin sayının xeyli artacağı gözlənilir.

Qeyd edək ki, ölkənin parlament seçkilərinin ikinci mərhələsi Misirin paytaxtı Qahirə də daxil olmaqla respublikanın qalan 13 əyalətində noyabrın 22-23-ə təyin edilib.