Səhiyyə Nazirliyi: Azərbaycanda reanimatoloji xəstələri vəziyyətdən çıxartmaq üçün ən yeni dərman preparatları mövcuddur

19 Oktyabr 2015 18:25 (UTC+04:00)

"Azərbaycanda yüksək ixtisaslı anestezioloji və reanimatoloji yardımın göstərilməsi üçün bütün tibb müəssisələrində müasir standartlara cavab verən müvafiq maddi-texniki baza yaradılıb". "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ən ucqar rayonlarda fəaliyyət göstərən xəstəxanalarda belə anestezioloji və reanimatoloji xidmət təşkil olunub: "Yüksək seçimli müxtəlif anesteziya metodlarının tətbiqi və reanimatoloji xəstələri vəziyyətdən çıxartmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi bütün ən yeni dərman preparatları Azərbaycanda mövcuddur. Ölkədə bu sahədə yüksək ixtisaslı kadrlar fəaliyyət göstərir. Artıq 5 ildir ki, ölkədə həkimlərin peşə sertifikatlaşdırılmasının tətbiqi kadr hazırlığının artmasına şərait yaradır. Həmçinin anestezioloq-reanimatoloqların hazırlanması üçün rezidentura sisteminin tətbiq edilməsi bu sahədə gələcək həkimlərin daha da peşəkar olmasına zəmin yaradır".