Kəndlərdə çözülməyən sığorta problemi

20 Oktyabr 2015 07:01 (UTC+04:00)

Aramsız yağan yağışlar ölkəmizin cənub bölgəsində fəsadlara yol açdı. Yaşayış sahələrini, həyətləri su basdı. Dağətəyi kəndlərin sakinlərinə ciddi ziyan dəydi. Bu hadisə yenidən evlərin və təsərrüfatların sığortalanması məsələsini gündəmə gətirir. Elə zərər görümüş insanların əksəriyyətinin mənzilləri və təsərrüfatları sığortalanmamış olub. Mütəxəssislər vətəndaşlar arasında sığortanın bütün növlərinə marağın artması üçün ilkin olaraq maarifləndirməni təklif edirlər.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bildirir ki, əgər əmlaklar icbari sığortalanmış olsa idi, təbii fəlakət nəticəsində dəymiş ziyanın əvəzini sığorta şirkətləri ödəyəcəkdi: "Yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər varsa və onların əmlakları sığortalıdırsa, onlar üçün problem olmayacaq. Ancaq sığortasız vətəndaşlar gözlərini dövlət büdcəsinə dikəcəklər".

Ekspert qeyd etdi ki, fiziki şəxslərin əmlaklarının sığortalanması məsələsi qanunvercilikdə öz əksini tapsa da, nəzarət mexanizminin olmaması və ya işləməməsinə görə vətəndaşlar sığortadan yayınırlar: "Çünki, vətəndaşdan sığorta şəhadətnaməsini tələb edən, soruşan yoxdur. Ancaq sahibkarlardan sığorta şəhadətnaməsini soruşurlar. Fövqəladə Hallar Nazirliyi yoxlamaya gedərkən yanğınsöndürəni, təhlükəsizlik siqnalını və sığortanı tələb edir. Bunun da nəticəsi olaraq sahibkarların böyük bir qismi məcburi şəkildə sığortalanırlar.

Amma vətəndlaşlardan sığorta şəhadətnaməsini soruşan olmur. Yalnız notariusda müəyyən iş görəənlərdən sığorta şəhadətnaməsi tələb olunur. Belə olan zaman notarius əməkdaşlıq etdiyi sığorta şirkətləri vasitəsi ilə onları məcburi sığorta etdirir. Qalan hallarda vətəndaşa sığorta təklif edən heç kəs yoxdur".

Xəyal Məmmədxanlı bildirdi ki, insanların sığortada maraqlı olması üçün maariflənməlidirlər: "İnsanlar sığortaya olan ehtiyacı könüllü şəkildə dərk etməlidirlər. Digər variant isə odur ki, qanun üzərində nəzarəti bələdiyələrə vermək olar. Yəni, müəyyən bir nəzarət mexanizmi olmasa, heç kəs əmlakınıı, təsərrüfatını sığortalamayacaq".

İqtiasdçı-ekspert Yusif Vəliyev bildirir ki, bu gün Azərbaycanda vətəndaşların sığortaya münasibəti fərqlidir: "Sığorta barəsində maarifləndirmə aşağı səviyyədə aparıldığından hazırda insanların böyük əksəriyyəti sığortanın effektiv tərəfindən məlumatsızdırlar. Halbuki, inkişaf etmiş ölkələrdə həyatın hər bir mərhələsi bəzən məcburi, bəzən də könüllü şəkildə sığortalanır. Azərbaycanda isə yanlz məcburi şəkildə olduğu halda buna meyl edirlər. Digər hallarda isə insanlar sığortaya maraq göstərmirlər. Halbuki, bu kimi təbiət hadisələri zamanı sığorta müstəsna rol oynayır.

Ümumiyyətlə, hazırda ölkəmizdə insanlarda sığortaya inam azdır. Ancaq onu da nəzərə alaq ki, kənd təsərrüfatında çalışan insanların əksəriyyətinin iqtisadi bilik səviyyəsi aşağıdır. Bunun üçün gərək ya dövlət, ya da özəl şəkildə məsləhətverici qurum yaradılsın. Belə qurum yaradılarsa, kənd təsərrüfatı istehsalçıları onların məsləhəti ilə məhsullarını sığortalayacaqlar. Yəni, birbaşa bunu fermerdən gözləmək olmaz. Yaxud da dövlət tərəfindən məcburi sığortalana bilərlər".