MDB məkanında dollarla ticarətin sonu çatır

20 Oktyabr 2015 08:03 (UTC+04:00)

Bildiyimiz kimi oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Burada Rusiya prezidenti Vladimir Putin MDB olkələri arasında ticarətin milli valyutalarla aparılmasını təklif edib. Azərbaycan da bu təklifi dəstəkləyib. Prezident İlham Əliyev bu xususda bildirib: "MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi".

Qeyd edək ki,uzun müddətdir ki, MDB məkanında ticarətin milli valyutalarla aparılması vacibliyi vurğulanır. MDB-nin son iclası isə bu məsələdə irəliyə doğru daha bir addımın atılması deməkdir.

"Ekonomiks" Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Fikrət Yusifov qeyd edir: "Bu yeni məsələ deyil və artıq bir xeyli müddətdir ki, hər dəfə Rusiya hökumətinin təşəbbüsü ilə müxtəlif səviyyələrdə müzakirələrə çıxarılır. MDB məkanında olan ölkələrin iqtisadiyyatının dünya bazarlarında gedən mənfi proseslərdən maksimum sığortalanması və bu ölkələr arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri son illərdə daha aktual əhəmiyyət kəsb etməyə başlayıb. Bu məqsədlə MDB ölkələri arasında aparılan ticarət əlaqələrində milli valyutalardan istifadə edilməsi təşəbbüsləri zaman-zaman gündəmə gətirilir.

Cari ilin oktyabrın 16-da Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının növbəti iclasında da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə gündəmə gətirilən bu məsələ heç də təsadifi deyil. Rusiya bir neçə ay bundan öncə Dövlət Dumasına MDB ölkələri çərçivəsində ticarətin ABŞ dolları ilə aparılmasından imtina edilməsi haqqında qanun layihəsi təqdim edib. Layihəyə əsasən, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin inteqrasiya olunmuş valyuta bazarının təşkili hesabına hesablaşmalarda valyuta kimi dollar və avrodan imtina edilməsinə imkan verən mexanizm yaradılması nəzərdə tutulur. Söhbət əsasən MDB ölkələri arasında vahid maliyyə bazarının yaradılmasından gedir. MDB ölkələrinin son toplantısında Prezident İlham Əliyev dünya iqtisadi məkanında baş verən proseslərin MDB ölkələri arasındakı ticari əlaqələrin zəifləməsinə təsirindən danışarkən deyib: "MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi".

Belə bir mexanizmin işlənib hazırlanması və onun tətbiqi təbii ki, uzun bir prosesdir. Burada atılacaq hər addım hərtərəfli ölçülüb biçilməlidir. Ortaya elə bir mexanizm qoyulmalıdır ki, onun tətbiqindən bir ölkənin iqtisadiyyatının qazanıb, digərinin isə itkiyə məruz qalınmasına yol verilməsin. Elə bu səbəbdəndir ki, Azərbaycan Prezidenti rusiyalı həmkarının bu təklifini müsbət qarşıladığını bildirməklə, "Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar" demişdi. Əslində, dünyada belə təcrübə əski Sovetlər Birliyində olub. Stalinin göstərişi ilə SSRİ Nazirlər Soveti 28 fevral 1950-ci il qərarı ilə rubulun dollara bağlılığını ləğv edib, onun qızıla bağlanması barədə qərar qəbul etdi və bununla da ilk dəfə olaraq milli valyutanın dollara bağlılığı aradan götürüldü. BMT-nin aidiyyatı strukturları həmin dövrdə Sovet İttifaqından sənaye və elm tutumlu ixracatının səmərəliliyinin iki dəfədən çox artdığını təsdiqləmişdi. Bu qərar digər tərəfdən həmin dövrdə Sovet sənayesinin bir çox sahələrinin sürətli inkişafına təkan vermişdi. Bu tarixi faktı yada salmaqla biz heç də keçmişdə atılmış hər hansı bir addımın bu gün də təkrarlanmasını təklif etmək istəyində deyilik. Bununla sadəcə onu demək istəyirik ki, hər bir vəziyyətdən çıxmağın daha səmərəli yollarını axtarıb tapmaq mümkündür. O cümlədən də hesablaşmaların dollar-avro məzənnəsinə bağlılığının aradan qaldırılmasının da ən səmərəli yollarını axtarıb tapmaq olar".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, MDB məkanında ticarətin milli valyutalarla aparılması manata təzyiqin azalmasına, valyuta ehtiyatlarına qənaət etməyə imkan verəcək: "MDB ölkələri arasında ticarət prosesinin milli valyutalarla aparılması üstünlüyü ondan ibarətdir ki, belə olan halda dollara olan tələbat azalacaq. Bu mənada ölkə Prezidentinin qeyd etdiyi məsələ olduqca əhəmiyyətli məqamdır. İndiki məqamda MDB dövlətləri arasındakı əlaqələr də dollarla aparıldığından bu ölkələr məcburdur ki, öz milli valyutalarını həmin ticarətin həcminə uyğun olaraq xarici valyutaya, dollara çevirsin. O baxımdan sözügedən məkanda ticari əlaqələrin milli valyuta ilə aparılması birmənalı şəkildə imkan verəcək ki, dollara olan tələbat azalsın.

Burada xüsusi məqam ondan ibarətdir ki, bu addımın maliyyə stabilliyi, xüsusən də milli valyutaya xarici valyutanın təzyiqinin azaldılması baxımından müsbət tərəfləri var. Təbii ki, yalnız bir milli valyuta ilə deyil, milli valyutalarla aparılması daha məqsədəuyğundur. Çünki bu halda hər bir ölkə öz milli valyutasından istifadə etmək imkanı qazanacaq. MDB ölkələri ilə ticarətin Azərbaycan üçün əhəmiyyətli olduğunu nəzərə alsaq, atılacaq addım dollara olan tələbatın asıllığın azalmasına və dollarla olan rezervlərə qənaət edilməsi baxımından əhəmiyyət daşıyır. Bu addım manata təzyiqin azalmasına, maliyyə iqtisadiyyatının güclənməsinə, eyni zamanda Mərkəzi Bankın intervensiyasının azalmasına, valyuta ehtiyatlarına qənaət edilməsinə imkan yarada bilər. Yəqin ki, MDB-də ticarətin mili valyutalarla aparılması fonunda hər bir ölkə öz milli pul vahidindən istifadə edəcək. O baxımdan bu da manatın ümumən güclənməsinə təsir edəcək".