"Azərenerji"nin sədri: "Bütün gecikən maaşlar dünən verilib"

20 Oktyabr 2015 12:00 (UTC+04:00)

"Son zamanlar bütün proseslərdə müəyyən qədər gecikmələr olub, işçilərimizin maaşı 1 aya qədər gecikdi və dünən biz bütün maaşları ödədik".

Movqe.az-ın məlumatına görə, bunu "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev bildirib.

Sədrin sözlərinə görə, əmək haqlarının gecikdirilməsinin bir çox səbəbləri var: "Biz kredit qaytarırıq. Ola bilsin ki, 1 ay kredit çox qaytarılır, 1 ay az qaytarılır. Bunun təsiri var. Bundan başqa, bu il Vergilər Nazirliyinə bütün vergiləri qaytarmışıq. Hər il Vergilər Nazirliyinə 150 milyon manat vergi ödəyirik. Mən sosial və vergiləri nəzərdə tutmuram. Amma vergilərin ödənilməyən hissəsi qalıb. Bu, kolxozların, sovxozların vaxtından qalma vergilərdir ki, hər il də bunların üzərinə 36% cərimə gəlir".