Sürücülük vəsiqəsi olmadan sərnişin daşıyanlar həbs olunacaq

20 Oktyabr 2015 15:15 (UTC+04:00)

Azərbaycanda nəqliyyat vasitələrinin idarəetmə hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.


Movqe.az-ın məlumatına görə, Milli Məclis bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsinə əlavələr edib.


Əlavələrə görə, ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.


Digər əlavəyə əsasən, nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.


Bundan başqa, nəzərdə tutulan xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunacaq.