Cavanşir Feyziyevin Şəki seçicilərilə görüşləri davam edir-FOTOLAR

20 Oktyabr 2015 16:54 (UTC+04:00)

1 Noyabr Parlament seçkilərində deputat Cavanşir Feyziyevin namizədliyini dəstəkləmək məqsədi ilə aparılan təbliğat-təşviqat kampaniyası davam edir. Təbliğat prosesinin həyata keçirilməsində gənclərdən ibarət yüz nəfərlik könüllülər dəstəsi fəaliyyət göstərir. Kampaniyanın ilk mərhələsində deputatın ötən 5 il ərzindəki fəaliyyətini əks etdirən yazılı təşviqat materialları seçki dairəsi ərazisində yaşayan hər bir seçiciyə təqdim edilmişdir. Turan qəsəbəsində seçicilərlə deputatlığa namizədin ilk görüşü böyük ruh yüksəkliyi şəraitində keçmiş, tədbirdə 1200-ə yaxın seçici iştirak etmişdir. Seçicilərlə görüş Azərbaycanın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının və digər incəsənət xadimlərinin iştirak etdiyi musiqi proqramı ilə başa çatmışdır.

Cavanşir Feyziyevin seçicilərlə görüşləri şənbə və bazar günlərində də davam edib. Görüşlərdə Milli Məclis üzvlüyünə namizədin vəkilləri Baba Yusifov, Vaqif Aslan, Rafiq Rəsulov və başqaları çıxış edərək seçiciləri Cavanşir Feyziyevin namizədliyini dəstəkləməyə çağırmışlar. Şəki rayonunun Sarıca, Qayabaşı, Bolludərə, Qaratorpaq kəndlərinin sakinləri qarşıdan gələn parlament seçkilərində Cavanşir Feyziyevin namizədliyini növbəti dəfə dəstəkləyəcəklərini, onun yenidən deputatlığa namizəd olmasından məmnun qaldıqlarını, belə qayğıkeş, hər zaman seçiciləri ilə bir yerdə olan, yüksək peşəkarlıq səviyyəsinə və təcrübəyə malik deputatlarının olmasına sevindiklərini bildirmişlər.