Daşkəsən rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunmuşdur

20 Oktyabr 2015 17:14 (UTC+04:00)

Bu gün Daşkəsən rayonunda 2015-ci ilin 9 ayının yekunları sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. 2015-ci ilin 9 ayının yekunları bütövlükdə respublikamız üçün, o cümlədən rayonumuz üçün də çox uğurlu olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra demişdir :

- Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sədrliyi ilə oktaybrın 12-də Prezident sarayında, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev iclası giriş nitqi ilə açmışdır. O demişdir:

..."Bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.

Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artmışdır.Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artmışdır və bu da dediyim kimi aparılan islahatların nəticəsidir. Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır".

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək vurğuladı ki, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2015-ci ilin 9 ayında bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur.

Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 2,3 faiz artmışdır.

2015-ci ilin 9 ayında sənaye üzrə 4 milyon 436 min manat (əvvəlki ilə nisbətən 47,3% çox), kənd təsərrüfatı məhsulları 21 milyon 11 min manat (2,3% çox), nəqliyyat üzrə 2 milyon 129 min manat (6,3% çox), informasiya və rabitə üzrə 175,7 min manat (3,3% çox), ticarət xidmətləri üzrə 12 milyon 103 min manat (2,1% çox) olmuşdur.

Hesabat ilində rayonda əhalinin sayı 200 nəfər artaraq 34 min 282 nəfər olmuşdur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra qeyd etdi ki, 2015-ci ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bu işlər davam etdirilməkdədir.

Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının tikinti işləri davam etdirilir.

Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikintisi başa çatmaq üzrədir.

Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.

Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqində maliyyə nizam-intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi, sahibkarlara hərtərəfli kömək göstərilməsinin onlara süni maneələr yaradılmamasının vacibliyi qeyd olunmuşdur.

Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, inkişafa mane olan bütün əngəllərin, inhisarçılığın aradan qaldırılması, lisenziyaların azaldılması xüsusi olaraq vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirmişdir ki, bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir. İlin sonuna qədər artıq əksər dərman preparatlarının yeni qiymətləri olacaqdır. Dərmanların keyfiyyətinə də çox böyük diqqət göstərilir. Dərmanların qiyməti aşağı düşür və düşəcək. Bu da ilk növbədə çox ciddi sosial addımdır. Ona görə hər bir sahə təhlil edilməlidir. Harada qüsurlar, çatışmayan cəhətlər var aradan qaldırılmalıdır.

Cənab Prezidentimizin bu göstərişlərinə əsasən lazımı tədbirlər görülməli, o cümlədən rayon ərazisində fəaliyyət göstərən apteklərə müvafiq qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə nəzarət olunmalıdır.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2015-ci ilin fevral ayının 2-dən 01 may 2015-ci il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir.

Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçmişlər. 49 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 21635 nəfər tibbi müayinədən keçmiş, 22 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 240 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 582 nəfərə isə ambulator müalicə yazılmışdır.

Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

2015-ci ilin 9 ayı ərzində 31 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 584 min 700 manatlıq iş görülmüşdür.

Rayonumuzun bütün daxili yollarının, körpülərin əsaslı təmir üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə, baş nazirə kompleks layihə təklifləri işlənib təqdim olunmuşdur.

3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram"na daxil edilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev xüsusi vurğulamışdır ki, "Yeni Daşkəsən" layihəsi elmi əsaslarla işlənib, hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Bu gün "Yeni Daşkəsən" layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, "Yeni Daşkəsən" layihəsi ilə əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır.

Hazırda həmin istiqamətdə işlər davam etdirilir.

Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncaq iştirakçılarına cari ilin 9 ayı ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına görülən bir sıra təmir-bərpa, yenidənqurma işləri barədə də məlumat vermişdir.

Bildirmişdir ki, cari ilin 9 ayı ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.

Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən 43 ədəd transformator təmir edilmiş, 9,5 kilometr elektrikverici xətlərində təmir işləri aparılmış, 79 ədəd dayaq, 4,6 kilometr yararsız naqil yenisi ilə əvəz olunmuş və transformatorlara 332 kiloqram transformator yağı əlavə olunmuşdur. 76 ədəd yeni sayğac quraşdırılmış və 115 ədəd qüsurlu sayğac dəyişdirilmişdir.

Daşkəsən şəhəri üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanmış, rayon ərazisində 12 ədəd müxtəlif güclü müasir tipli 6/0,4 kv-luq trasformator məntəqələri tikilmiş, yeni transformatorlar quraşdırılmış və 5 ədəd yarımstansiya şəbəkəyə qoşulmuşdur. Eyni zamanda yeni 35/6 kv-luq şəhər yarımstansiyasının və tikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin tikintisinə başlanılmışdır.

Yerlərdə elektrikverici xətlərin təmir edilməsinə və yeni müasir tipli kabelin çəkilməsinə, başlanılmasına ehtiyac vardır.

Rayonun Xoşbulaq, Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərinə təbii qaz xəttinin çəkilişinə başlanılmışdır.

2015-ci ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə Islam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərinə başlanılmışdır. Daşkəsən şəhərində həmin layihə üzrə 2x500m3 su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilmişdir.

Bu layihə üzrə bir sıra işlər görülmüşdür. Belə ki, magistral su xəttinin 20 km-dən 18 km-i, şəhərdaxili su xəttinin 16,7 km-dən 3,2 km-i, şəhərdaxili kanalizasiya xəttinin 13 km-dən 2,5 km-i çəkilmişdir. Nəzərdə tutulan digər işlər də sürətlə davam etdirilir.

Hazırda həmin layihənin həyata keçirilməsi üzrə 253 nəfər (bunun 111 nəfəri Daşkəsən rayon sakinləridir) işçi çalışır.

Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışına davam edərək bildirdi ki, bu il "Kənd təsərrüfatı ili" elan edilib. Respublikamızda "Kənd təsərrüfatı ili"ndə kənd təsərrüfatı 6,7 faiz artmışdır.

Möhtərəm cənab Prezidentimizin fərmanı ilə yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə edilmiş dəyişikliklərə əsasən Rayon İcra Hakimiyyətinin strukturunda bəzi dəyişikliklər olmuşdur.

Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Daşkəsən rayonu 2015-ci ildə də özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır.

Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi haqqında 1344 saylı, 27.12.2012-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət etmişdik.

Bildiyiniz kimi Daşkəsənin yay otlaqları bu rayonun milli sərvətidir. Lakin rayon bu sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, kriminal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu. Çünki yuxarıda qeyd edildiyi kimi rayonun ərazisində yerləşən yay otlaqları sovetlər dövründə kolxoz və sovxozları inkişaf etdirmək məqsədilə qonşu 7 rayon arasında bölüşdürülmüşdü.

Daşkəsən rayonun ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonunun ərazisindən digər rayonların istifadəsinə verilmiş Dövlət fondu yay otlaq sahələrinin Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi xahiş olunmuş, məhz çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən

məsələyə baxılaraq, müraciət müsbət həll edilmiş, bu barədə Nazirlər Kabineti müvafiq sərəncam vermişdir.

Belə ki, Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 156 nömrəli Qərarı ilə yay-otlaq sahələrinin idarə olunması yerli İcra Hakimiyyətinin öz səlahiyyətlərinə verilmişdir. Bu ciddi problemli məsələnin həllinə görə bir daha şəxsən möhtərəm cənab Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bütün Daşkəsən əhalisi adından bildiririk.

Bildiyiniz kimi Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan Azərbaycan qəzetinin 29 sentyabr 2015-ci il tarixli 210 nömrəli (səhifə 6) buraxılışında "Daşkəsən inkişafın və quruculuğun yeni mərhələsini yaşayır və rayon demokratik və şəffaf seçkilərin keçirilməsinə hazırdır" mövzusunda rayon haqqında geniş və ətraflı son illərdə görülmüş işləri və hazırkı vəziyyəti əks etdirən məqalə çap olunmuşdur.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov 2015-ci il 29 aprel tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Gədəbəy və Samux rayonlarından olan vətəndaşları;

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 2015-ci il 19 iyun tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları;

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı 25 avqust 2015-ci il tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul etmişlər.

Qəbullarda aidiyyəti üzrə müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər aidiyyəti üzrə qurumlara göndərilmək üçün qeydiyyata alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında vurğulamışdır ki, ...Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdir ki, Azərbaycan mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı...

...Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik...

...Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır...

2015-ci ilin 9 ayı ərzində Bakıda İlk Avropa Oyunları keçirilmişdir.

Sevindirici haldır ki, İlk Avropa Oyunlarının məşəli cari ilin may ayının 16-da Daşkəsən şəhərində alovlandırılmışdır. Bu tədbir yüksək səviyyədə təşkil olunmuş və keçirilmişdir.Tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə İlk Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən rayonumuza "Xatirə" medalı verilmişdir.

Oktyabrın 12-də Prezident Sarayında Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: "Bu günə qədər bizim təşəbbüsümüzlə icra edilən bütün layihələr uğurla nəticələnib. Əminəm ki, "Cənub" qaz dəhlizi də Azərbaycanın növbəti qələbəsi olacaqdır".

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev qeyd etmişdir ki, ...Biz ilin sonuna qədər bütün vəzifələri icra edəcəyik. Gələn ili də əminəm ki, uğurla başa vuracağıq...

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev hesabat məruzəsinin sonunda tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq! Ulu öndərimiz Heydər Əliyevin yüz illərə hesablanmış siyasətinə daim sadiq qalacağıq.

Azərbaycan xalqının yeganə, əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev və Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.

RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev rayonun sosial-iqtisadi inkişafında fəal iştirakına və 60 illik yubileyi münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı ilə təltif edilmişdir.

Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.