Azərbaycan prezidenti İranın Şərqi Azərbaycan vilayətinin valisini qəbul edib

20 Oktyabr 2015 17:20 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Movqe.az-ın məlumatına görə, İranın Şərqi Azərbaycan vilayəti valisinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı səfərin qonaqların ölkəmizlə bir daha yaxından tanış olmaları üçün də yaxşı fürsət yaradacağını qeyd edib.

Əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən İ. Əliyev ölkələrimizin bütün sahələrdə dostluq və qardaşlıq prinsipləri əsasında birgə fəaliyyət göstərmələrinin önəmini vurğulayıb. İran prezidenti Həsən Ruhaninin Azərbaycana, özünün isə İrana rəsmi səfərlərindən sonra ikitərəfli əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyən dövlət başçısı ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə inkişafından məmnunluğunu ifadə edib.

Həyata keçirilən bir çox müştərək layihələrə, o cümlədən İran-Azərbaycan dəmir yolu layihəsinə toxunan prezident İlham Əliyev bu layihələrin regional əhəmiyyətini yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimizin uğurlu əməkdaşlığının regionda sabitliyin möhkəmləndirilməsi baxımından rolunu xüsusi qeyd edərək bildirib ki, bütün bunlar dövlətlərimizin siyasətlərinin xalqlarımız tərəfindən dəstəkləndiyini göstərir.

Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayan İ. Cabbarzadə hələ o vaxtlar Naxçıvanla çox yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişafının təməlinin məhz o zamanlar H. Əliyev tərəfindən qoyulduğunu məmnunluqla qeyd edib.