Nazir müavini: "Elektron ticarətin vergiyə cəlb olunması üçün beynəlxalq təcrübə öyrənilir"

20 Oktyabr 2015 17:42 (UTC+04:00)

Bu gün ölkə başçısının bizim qarşımızda qoyduğu ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, vergi daxilolmaları artırılsın, büdcənin cari xərcləri məhz vergi və gömrük daxilolmaları hesabına formalaşsın".

Movqe.az-ın məlumatına görə, bunu "APA-Economics"ə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini bildirib ki, bu, ancaq vergitutma bazasının genişləndirilməsi hesabına mümkündür: "Biz də çalışırıq ki, harada vergi bazasının genişləndirilməsi imkanı varsa, biz o işləri sürətləndirək. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, gələn il biz bu sahədə konkret addımlar atmağa başlayacağıq".

S. Ələkbərovun sözlərinə görə, elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı müəyyən problemlər mövcuddur və nazirlik bu nöqsanların aradan qaldırılması üçün Avropa təcrübəsindən yararlanır: "Rəsmi statistikaya görə, elektron ticarətin həcmi o qədər də böyük görünməyə bilər. Bu rəqəm 10 milyon dollar civarındadır. Lakin bu sahə ildən-ilə böyüyür. Avropa ölkələrinin təcrübələri müxtəlifdir. Ən əsas məsələlərdən biri elektron ticarətin uçotunun təşkil olunmasıdır. Çünki, ticarət elektron qaydada aparıldığı üçün, hər şeyə nəzarət etmək mümkün deyil. Lakin beynəlxalq təcrübə var və biz bu təcrübədən yararlanırıq. Bir neçə ölkənin təcrübəsini öyrənirik. Hansı təcrübənin bizə daha münasib olacağını öyrənirik".