Xəzərin sahilyanı əraziləri su altında qala bilər

21 Oktyabr 2015 07:00 (UTC+04:00)

"2016-cı ildə Xəzər dənizinin səviyyəsində enmə dayanacaq və yavaş-yavaş yüksəlməyə başlayacaq". Bu sözləri Xəzər dəniz elmi-tədqiqat mərkəzinin direktoru Sergey Monaxov deyib. Monaxovun sözlərinə görə, 6-7 il ərzində dənizin səviyyəsində 30-40 sm artım hiss oluncaq. Alim qeyd edib ki, Xəzər dənizinin suyunun artımında Volqa çayının da payı olacaq: "2017-ci ildə Volqa çayının suyunun həcmində ciddi dəyişiklik baş verəcək. Biz qorxuruq ki, Xəzər dənizi sahilində yerləşən Həştərxan şəhəri su altında qala bilər. Bütün bunlar atmosferdə baş verən dəyişikliklərdən aslıdır".

Amma Azərbaycan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev "Mövqe"yə açıqlamasında Sergey Monaxovun fikirləri ilə tam razılaşmadığını bildirdi: "Ümumiyyətlə, təbiət hadisələrini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Ancaq Xəzər dənizinin anidən o qədər qalxması real görünmür. Gərək Xəzər dənizinin səviyyəsi 2 metrdən çox qalxa ki, şəhərlər su altında qala. Ancaq proqnozları doğrudursa, Xəzər boyu olan ovalıqlar, Kür-Araz ovalığının bir hissəsi, Lənkəran, Samur-Dəvəçi ovalığı su altında qala bilər. Orada olan tikilililər təhlükə qarşıda qalacaq.

Onu da nəzərə alaq ki, Xəzər dənzinin dörd tərəfi isti iqlim şəraitindədir. Su qalxarkən boşluqlar su ilə dolacaq. Bu zaman isə buxarlanma çoxalır. Ən əsas problem isə müxtəlif tikintilərin su altında qalmasıdır. Odur ki, əgər deyilən proqnozlar doğrudursa və Həştərxan su altında qalırsa, Bakı da eyni təhlükəni yaşaya bilər".

Ənvər Əliyev hesab edir ki, Xəzər dənizi anidən o qədər qalxa bilməz: "Suyun səviyyəsinin qalxması tədricən ola bilər. Ən yaxşı halda 5-10 santimetr qalxa bilər. Bütün bunlar isə iqlim şəraitindən asılıdır. İqlim şəraiti periodik olaraq dəyişdikcə Xəzər dənzinin səthində qalxmalar və enmələr müşahidə edilir. Ancaq hansısa şəhərin su altında qalacaq qədər dənizin qalxması inandırıcı deyil. Hələlik Xəzərdə belə bir təhlükə görünmür. Xəzər dənizi adətən 1.2-2 metr qalxıb-enib. Dənizin səviyyəsinin qalxıb-enməsi əsasən iqlim şəraitindən, yağıntıların miqdarından asılıdır. Burada da qanunauyğunluq mövcuddur. Uzunmüddətli periodika var ki, hadisələr 30 ildən bir baş verir. Ancaq hazırda Xəzər dənzinin səviyyəsi orta vəziyyətdədir".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kimya elmləri doktoru, professor İslam Mustafayev da hazırda Xəzərdə belə bir təhlükə üçün əsas görmür: "Xəzər dənizi 1998-ci ildə maksimum səviyyəyə qalxdı. O zaman Lənkəran ətrafında 50 min hektar ərazi su altında qaldı. Hətta ekoloji qaçqınlar meydana gəlmişdi. Yəni, Xəzər dənizinin səviyyəsi bir daha qalxarsa, ondan böyük fəsadların olacağına inanmıram. Çünki, artıq təhlükəsizlik tədbirlər görülüb.

Həmçinin, Xəzərin qalxması ilə Həştərxanın su altında qalması tarixdə olmayıb. Odur ki, bu cür ekstremal vəziyyətin yaranmasına şübhə ilə yanaşmaq lazımdır. Ancaq dəniz suyunun səviyyəsinin periodik qalxıb-enməsi olur. Həştərxan su altında qalarsa, Azərbaycanda ondan da böyük fəlakətlər ola bilər".

Professor əlavə etdi ki, çaylarda suyun səviyyəsinin qalxmasının səbəbləri bəllidir: "Ancaq dənizdə suyun səviyyəsinin qalxmasının digər səbəbləri var. Məsələn, çoxsulu illər olur. Buzlaqlar əriyir və dənizlərdə suyun səviyyəsi qalxır. Xəzər dənizinin səviyyəsi Volqa çayı ilə təyin olunur. Çünki, Xəzərə suyun 80%-dən çoxu Volqa çayından gəlir. Ona görə də şimal tərəfdə buzlaqların əriməsi ilə bağlı Xəzərə çoxlu su gələ bilər.

Digər varinat isə dənizin relyefinin dəyişməsi, dibinin qalxmasıdır. Onunla bağlı dənizin səviyyəsi qalxa bilər. Hazırda isə belə bir təhlükələr yoxdur. Ümumiyyətlə, dənizlərin səviyyəsinin birdən-birə ekstremal səviyyədə qalxması hadisələri olmayıb. Okeanlara məxsus hadisələr qapalı dənizlərdə olmur. Dənizdə il ərzində bir neçə santimetr və ya bir metr qalxma ola bilər".