Kaxa Kaladze: "Azərbaycan Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir"

20 Oktyabr 2015 21:00 (UTC+04:00)

"Azərbaycan Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir".

Movqe.az "Georgia Online" xəbər portalına istinadən məlumat verir ki, bu barədə Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

"Mənim "Qazprom"un rəhbəri ilə görüşümdən sonra bəzi siyasətçilər tərəfindən səslənən fikirləri bir kənara qoyuram. Niyə əlavə qaz ehtiyatları yoxdur? Bu sualı Azərbaycan tərəfinə vermək lazımdır. O zaman mən sizdən soruşuram: niyə Azərbaycan "Qazprom"la müqavilə imzalayır? Halbuki, Azərbaycanın öz daxili tələbatını ödəmək üçün kifayət qədər ehtiyatı var", - deyə baş nazirin müavini bildirib.

K. Kaladzenin sözlərinə görə, "Qazprom" əlverişli qiymət təklif edərsə, biz bu layihəni reallaşdıracağıq".

"Bu gün "Qazprom"la mövcud olan müqavilə 2003-cü ildə imzalanıb. Həmin dövrdən bu günədək müqaviləyə 21 əlavə edilib. Uzun illərdir ki, bu şirkətlə imzalanan müqavilə qüvvədədir. Həmin mövzuda ən çox danışan insanlara bu, hamıdan yaxşı məlumdur. Mövcud müqavilə çərçivəsində illərdir aparılan danışıqlar və görüşlər hətta Saakaşvili rejimi zamanı də aparılıb. Hətta Rusiya ilə müharibədən sonra Gürcüstan tranzit hesabına (Rusiyadan Ermənistana nəql olunan - red.) aldığı qazdan əlavə də Rusiyadan qaz alıb. Nədənsə bu faktlar unudulur və bu barədə danışan yoxdur. Hətta siyasi mənəviyyatın da bir həddi var. Aydındır ki, qarşıdan seçkilər gəlir və siyasi baxımdan müflis olan partiyalar və siyasətçilər özünü əhalinin yadına salır", - deyə K. Kaladze qeyd edib.