Anti-Azərbaycan qüvvələrinə Qərbdə böyük zərbə

21 Oktyabr 2015 10:00 (UTC+04:00)

Qərbin iki nüfuzlu araşdırma şirkətinin Azərbaycanda apardığı tədqiqatlar və keçirdikləri rəy sorğuları ölkəmizdə xalq və hakimiyyət arasında möhkəm birlyin olduğunu qabarıq şəkildə üzə çıxardı. Özü də müvafiq araşdırmalar Azərbaycanda çox mühüm tədbir ərəfəsində, yəni parlament seçkilərinə az bir vaxt qalmış dövrə təsadüf edir.

Rəy sorğularının nəticələri aydın şəkildə göstərir ki, əhali hakimiyyətin daxili və xarici siyasətini dəstəkləyir, Prezident İlham Əliyev ətrafında sıx birləşib. Məsələnin digər maraqlı tərəfi bununla Qərbin nüfuzlu araşdırma şirkətlərinin bu nəticələrinin ABŞ və Avropada anti-Azərbaycan qüvvələrinə böyük zərbə olmasıdır. Onlara da bir daha bəlli oldu ki, Azərbaycanla bağlı çirkin niyyətlərinin həyata keçməsi sadə, mümkün deyil. Çünki xalq seçdiyi hakimiyyətə böyük dəstək verir.

Xatırladaq ki, Fransanın "Opinionway" araşdırma şirkəti Milli Məclisə seçkilər ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. "Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz" sualına rəyi soruşulanların 71,7 faizi iqtidar partiyasının və iqtidaryönümlü partiyaların namizədlərini, 6 faizi müxalifət partiyalarının namizədlərini, 16,4 faizi bitərəf namizədləri dəstəkləyəciyini deyib, 5,9 faizi isə cavab verməkdə çətinlik çəkib. "Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti sizi nə dərəcədə qane edir" sualını respondentlərin 78,8 faizi "çox qane edir" deyə cavablandırıb. Rəyi soruşulanların 66,5 faizi hazırda Azərbaycanın ən vacib probleminin, Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib. Bundan əvvəl isə Amerikanın nüfuzlu "Arthur J. Finkelstein & Associates" ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzi də Azərbaycan əhalisi arasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini dərc edib. Bununla bağlı məlumatda deyilir: "Seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və Dağlıq Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələdir".

İctimai rəy sorğusu 5,1 milyon azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib. Onların ölkəsi düzgün istiqamətdə irəliləyirmi sualına iştirakçıların 77,1 faizi müsbət, 14,7 faizi mənfi cavab verib. Sorğu edilənlərin 41,3 faizi deyib ki, onları narahat edən ən mühüm məsələ beynəlxalq qətnamələrin Ermənistan işğalçı ordusunun dərhal çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal altında saxlamasıdır, respondentlərin 7,2 faizi isə iqtisadi məsələlər üzrə narahatlığını bildiriblər. Geosiyasi məsələlərlə bağlı respondentlərin 81,7 faizi qeyd edib ki, Azərbaycan regionda "sabitlik adasıdır", bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71 faizi Avropada baş verən hadisələri nəzərə alaraq, ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır və iqtidarı olduğunu vurğulayıb. Sorğunun məlumatına görə, seçicilərin 74,4 faizi öz seçimini müəyyən edərək Yeni Azərbaycan Partiyasının namizədlərini üstün tuturlar. Mərkəzin məlumatına görə, 14 faiz isə öz seçimində qərarlaşmayıb. Sorğu iştirakçılarına onların Prezident İlham Əliyevin indiki işini necə dəyərləndirdikləri barədə də sual verilib. Respondentlərin 82,1 faizi "yaxşı" və "əla" cavablarını veriblər. Sorğunun nəticələri təsdiq edir ki, seçicilər siyasi və iqtisadi sabitlik, terrordan uzaq olmaq, seçilən qanunvericilərdən Azərbaycanın Dağlıq-Qarabağ regionunun qaytarılması uğrunda mübarizəni davam etdirmələrini gözləyirlər.

Politoloq Qabil Hüseynli qeyd edir ki, ABŞ-ın "Arthur J. Finkelstein & Associates" sorğu firması Prezident İlham Əliyevin, hakimiyyətin dayaqlarının kifayət qədər möhkəm olduğunu və respondentlərin 82,1 faizinin dövlət başçısına etimad göstərdiyini qeyd etmişdi: "İndi Fransanın "Opinionway" yenilikçi araşdırma şirkətinin sorğusunun nəticələri demək olar ki, ABŞ-ın "Arthur J. Finkelstein & Associates" sorğu firmasının sorğusunun nəticələrinə yaxındır. Bu sorğuda da hakimiyyətlə xalq arasında münasibətlərin möhkəm olduğu, xalqın hakimiyyətə böyük etimad göstərdiyi, eyni zamanda parlament seçkilərində əhalinin 63 faizinin seçkilərdə iştirak edəcəyi əksini tapıb. Bu da ABŞ-ın "Arthur J. Finkelstein & Associates" sorğu firmasının sorğusunun nəticələrinə yaxındır". Politoloq hesab edir ki, bu sosioloji sorğular göstərir ki, Qərb sosioloji xidmətləri üçün Azərbaycan xalqının rəyinin öyrənilməsi böyük əhəmiyyətə malikdir: "Bu, Azərbaycanla ABŞ və Qərbi Avropa ölkələri arasında yaranmış müəyyən problemlərin həlli üçün də vacibdir. Zənnimcə, bu sosioloji sorğuların nəticələri Qərb liderlərinin Azərbaycana münasibətdə subyektivlikdən uzaqlaşmasına və Azərbaycana daha obyektiv münasibət bəsləməsinə şərait yaradacaq. Bu isə Azərbaycan-Qərb münasibətlərinin yenidən yüksələn xətlə inkişaf etməsinə şərait yaradacaq".