Suraxanı rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunmuşdur

21 Oktyabr 2015 15:06 (UTC+04:00)

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında respublikanın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələr, ötən dövrdə Suraxanı rayonunun həyatında əldə edilmiş uğurlar və qarşıda duran məsələlər Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında müzakirə olunmuşdur.

Məruzə ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki,           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 12 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru  inamla irəliləyir, məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

 İlqar Abbasov qeyd etmişdir ki, dövlət başçısının düşünülmüş siyasəti  respublikamızın bütün bölgələrində, o  cümlədən  rayonumuzda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan vermiş, iqtisadi, sosial  və mədəni sahələrdə yeni uğurların qazanılmasına şərait yaratmışdır.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, bu ilin ən əlamətdar hadisəsi-iyun ayında Ölkəmizdə birinci Avropa Oyunlarının keçirilməsi olmuşdur. Cari ilin aprelin 26-da Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq qoruğunda birinci Avropa Oyunlarının məşəli alovlandırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak etmişlər. 

Birinci Avropa oyunları yığma komandamız, o cümlədən Suraxanı idmançıları üçün  çox uğurlu olmuş, karate idman növü üzrə Ayxan Mamayev qızıl medal,  sambo üzrə Vasif Səfərbəyov gümüş medal, qılıncoynatma idman növü üzrə Sevil və Sevinc Bunyatova bacıları 1 gümüş və 1 bürünc medal qazanmışlar.

Birinci Avropa oyunlarının məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar hesabat dövründə RİH-in təşkilatçılığı ilə rayonun idarə və müəssisələri tərəfindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulmuş, təmir olunaraq rənglənmiş, aqlay daşları ilə üzlənmiş, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınmışdır.

Qısa dövr ərzində Əmircan qəsəbəsi, Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən qurulmuş, Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni park salınmış, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12,0 min kv.m yaşıllıq salınmışdır. 

Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrində 27,7 min kv.m. sahəyə asfalt vurulmuş, 5042 p.m. bordur düzülmüş, 3252 kv.m səki asfaltlanmış, 2826 p.m. səki borduru düzülmüş, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkilmiş, işıq dirəkləri və çilçıraqlar quraşdırılmışdır.

Bundan əlavə 5,1 min kv.m. aqlay daşından üzlük işləri, 3,4 min kv.m. hörgü və  10,7 min kv.m. suvaq işləri görülmüş, 2,3 min kv.m. tamet döşənmiş, 42,1 min kv.m-lik sahə rənglənmiş, 629 kv.m. yeni dam örtükləri quraşdırılmış və digər abadlıq işləri görülmüşdür.

2015-ci ilin 9 ayı ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 198,1  milyon manat, tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən  investisiyalar  30,2 milyon manat, kənd təsərrüfatı 2,2  milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manat, orta aylıq əmək haqqı 546,4 manat təşkil etmiş, əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 2355 yeni iş yeri açılmışdır.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 4-ü icra olunmuş, 20-nin icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil etmişdir.

Ümumiyyətlə bu dövr ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilmiş, Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində  262 saylı uşaq bağçaları əsaslı təmir olunmuş, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının, Yeni Günəşli "V" yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli "D" yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin binasının tikintisi davam etdirilmişdir.

Qaraçuxur qəsəbəsində Cəlal Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev, Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulubəy Şadlinski küçələrində və Yeni Günəşli yaşayış sahəsində rayonun idarə və müəssisələrin köməkliyi ilə abadlıq-quruculuq işlər görülmüş, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulmuş, binaların fasadları, hasarlar,  müxtəlif dirəklər rənglənmiş, ətraf ərazilər iriqabaritli tullantılardan təmizlənmişdir. 

Rayon təsərrüfatının növbəti payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq Qərargah yaradılmış, həyata keçiriləcək tədbirlər planı təsdiq edilmiş, payız-qış mövsümünə hazırlıqla əlaqədar  təmir işləri davam etdirilir, məhəllədaxili və binaların zirzəmilərində aşağıpaylayıcı istilik xətləri dəyişdirilir, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulur.

Suraxanı rayonunda ekoloji məsələlərin həllinə diqqət artırılmışdır. Dövlət başçısının müvafiq sərəncamlarına və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılmışdır.

Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, ümumi sahəsi 5,0 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulmuş, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, neft kollektorları təmir olunmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci "Ümumrespublika Yaşıllaşdırma marafonu" çərçivəsində  cari ildə də ağacəkmə kampaniyası davam etdirilmiş, marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilmişdir. 

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılmışdır. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin 9 ayı ərzində  7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinət ödənilmiş,  2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilmiş, 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilmiş, 58 nəfər imtiyazlı vətəndaş reabilitasiya mərkəzində və sanatoriyalarda istirahət etmişlər. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 27748 təqaüdçüyə xidmət göstərilmiş,bir nəfərə düşən orta aylıq təqaüdün məbləği rayon üzrə 194,5 manat təşkil etmişdir. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət etmiş 992 nəfərdən 476 nəfəri işlə təmin olunmuş, 71 nəfərə işsiz statusu verilmiş, 71 nəfərə işsizlik müavinəti verilmiş, 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunmuş, rayonun ümumtəhsil məktəblərində 906 nəfər peşəyönümünə cəlb edilmişdir.

Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra  edilmiş, rayon əhalisinin 67,4 %-i və  124 kollektiv tibbi müayinədən keçmiş, aşkarlanmış xəstəliklər nəticəsində 6751 nəfər vətəndaş ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə qəbul olunmuş, 704 nəfərin sağlamlığı bərpa edilmiş, rayon əhalisinin tibbi müayinəsinin gedişi televiziya kanallarında və mətbuatda işıqlandırılmışdır.           

Ötən dövr ərzində RİH-in təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmişdir.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində müasir informasiya texnologiyaları tətbiq edilmiş kitabxana, konfrans salonu, təlim kursları 7 ildən artıq rayon əhalisinə  xidmət göstərir. Rayon İcra Hakimiyyəti daim çalışır ki, bu möhtəşəm Mərkəzin imkanlarından rayon sakinləri daha geniş istifadə etsinlər. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 56 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 15 minə yaxın istifadəçi faydalanmış, Mərkəzdə 2015-ci ilin 9 ayı ərzində 14 ümumrayon tədbiri, Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 11-ci sinif şagirdlərinə 3 açıq dərs, 9-11-ci sinif şagirdlərinə 5 açıq dərs, yeni ailə quran 5 gənc ailənin nikah mərasimi keçirilmişdir.1-ci sinifdə təhsil alan şagirdlər hər həftənin çərşənbə axşamı günləri Heydər Əliyev Mərkəzi ilə tanış olurlar.

İlqar Abbasov qeyd etmişdir ki, rayonda mövcud olan problemlərdən ən ciddisi - rayon ərazisində qəzalı evlərdə yaşayan sakinlərə, xüsusilə Zığ qəsəbəsində qəzalı vəziyyətə düşmüş yaşayış evlərinin sakinlərinə köməklik göstərilməsidir. Ərazidə yaranmış vəziyyətin ciddiliyi və hər an insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin baş vermə ehtimalının yüksək olduğu nəzərə alınaraq Suraxanı rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Zığ qəsəbəsində yerləşən həmin evlərə vizual texniki baxış keçirilmiş, ərazinin relyefi, geoloji xüsusiyyətləri nəzərə alınmadan, eləcə də tikinti norma və qaydalarına əməl edilmədən müxtəlif illərdə inşa olunmuş, həmçinin uzun müddət istifadə nəticəsində aşınmaya məruz qalmış evlərdən 40-a qədərinin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir.

Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 26 qəzalı evin boşaldılmasına dair Suraxanı RİH tərəfindən rayon məhkəməsində qaldırılmış iddialar təmin edilmiş, 22 ailə RİH-in daxili imkanları hesabına kirayə evlərə köçürülmüşdür. 

2015-ci ilin 9 ayı ərzində yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilmiş, elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli 205 elektron məktub cavablandırılmışdır. 

2015-ci ilin 9 ayı ərzində RİH başçısı  tərəfindən  759 nəfər vətəndaş qəbul edilmiş, rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 1715 nəfər sakinin iştirakı ilə keçirilmiş 27 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.

Rayon İcra Hakimiyyətində tətbiq edilən "Elektron icraçı" Avtomatlaşdırılmış  idarəetmə Sistemi proqramına xidməti sənədlərin daxil edilməsi davam etdirilmişdir.

Məruzə ətrafında Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fərəc Quliyev və digər şəxslər çıxış etmişlər. 

Tədbirdə əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonun gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində davam etdiriləcək, dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.

Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət Proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaq, cənab Prezidentin rəhbərliyi ilə vətənimizin və Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilən işlərdə üzərimizə düşən vəzifələri var qüvvəmizlə yerinə yetirəcəyik.

Sonda rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup şəxs rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundu.