Qərbin ikiüzlülüyünün Qafqaz təcəssümü

22 Oktyabr 2015 09:00 (UTC+04:00)

Gürcüstanda söz azadlığının boğulması fonunda məsələyə ABŞ və Avropanın səssiz qalması onların ölkəmizə yönəlik məkrli siyasətini daha bir təsdiqi oldu. Qeyd edək ki, Gürcüstanda "Rustavi 2" telekanalı bağlanmaq təhlükəsi ilə üz-üzədir. "Rustavi 2"yə qarşı şirkətin keçmiş rəhbəri Kibar Xalvaşi tərəfindən qaldırılmış iddia təmin olunur. Bununla bağlı telekanalın baş direktoru Nika Qvaramiya məhkəmə sədrini ədalətsizliyə yol verməklə dövlətin maraqlarını güdməkdə günahlandırıb. Hətta Gürcüstada minlərlə insan Tiflis şəhər məhkəməsi qarşısına toplaşaraq, hökümətin sanksiyaları ilə üzləşmiş müstəqil "Rustavi 2" telekanalına dəstək nümayiş etdiriblər. Məhkəmə qarşısına toplaşan sakinlər, o cümlədən də müxalif partiyalar, telekanalın bağlanmasının və əmlakına həbs qoyulmasının siyasi motivli olduğunu iddia edirlər.

Ermənistanda isə medianın durumu daha ağırdır. Amma beynəlxalq dairələr nədənsə, Cənubi Qafqaz ölkələriarasında yalnız Azərbaycanı hədəfə alırlar. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət "Rustavi-2" kanalı haqqında digər bir məlumatı nəzərə çatdırdı: "10 il bundan əvvəl Gürcüstanda Eduard Şevardnadzenin hakimiyyəti dövründə həmin kanalın George Sanaya adlı bir əməkdaşı öldürülüb. Həmin jurnalist öz evində güllə ilə vurulmuşdu. ABŞ və bir sıra Qərb ölkələri Gürcüstan hakimiyyətinin üzərinə yönəldi ki, bu qətl sifarişlidir. Vəd verirdilər ki, Gürcüstanda hakimiyyət dəyişiklik olandan sonra George Sanayanın qatilləri tapılıb cəzalandırılacaq. Ancaq bəlli olduğu Gürcüstanda kimi "qızılgül" inqilabı baş verdi və ABŞ-ın birbaşa adamı sayılan Mixail Saakaşvili hakimiyyətə gəldi. Ancaq bu günə qədər də George Sanayanın qatilləri tapılmayıb.

Hazırda "Rustavi-2" kanalının başına gətirilən oyunları da bu prosesin davamı kimi dəyərləndirmək olar. Qərb təlqin edir ki, guya qərbyönümlü hakimiyyət qurulacaq və bütün problemlər həll olunacaq. Lakin bu faktlar göstərir ki, əslində, elə bir ümid yoxdur. Yəni, kənar təsirlə qurulan heç bir hakimiyyət öz xalqının problemlərini həll edə bilməz. Bu gün "Rustavi-2" kanalının sıxışdırılması, kanalın bağlanması istiqamətində atılan addımlar onu göstərir ki, Gürcüstan qərbyönümlü siyasət istiqaməti keçsə də, yenə də nəticələr eynidir. Yəni, ölkədə heç bir dəyişikliyə nail ola bilməyiblər. Çünki, istənilən siyasi hərəkatın arxasında xalq dayanmalıdır. Gürcüstanda bu, baş vermədiyinə görə "Rustavi-2" kanalının bağlanmasına qədər gedib çatılıb.

Maraqlıdır ki, bütün bu proseslər ABŞ başda olmaqla Avropa ölkələrinin səssiz müşahidəsi əsasında baş verir. Yəni, sanki heç nə baş vermir, belə də olmalı imiş. Bu, bir daha onu sübut edir ki, Azərbaycana münasibətdə həmişə qərəz olub. Əgər Azərbaycanda hansısa televiziya kanalının başına bu oyun gəlsə idi, yəqin, Qərb dairələri dünyanı ayağa qaldırardılar ki, Azərbaycan despotik ölkədir. Bütün bunlar Qərbin ikili standartlardan çıxış etdiyini sübut edən amillərdir. Təəccüblü nəsə axtamağa da dəyməz. Çünki, hazırda Gürcüstanda, Ermənistanda yüzə qədər siyasi məhbus var. Amma heç bir beynəlxalq təşkil Ermənistandakı, Gürcüstandakı siyasi məhbuslar haqqında danışmırlar. Halbuki, Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilmiş şəxsləri siyasi məhbus kimi bütün dünyaya təqdim ediblər. Maraqlısı odur ki, bu işdə Gürcüstandan olan emissarlarından daha çox istifadə edilir. Yəni, Qərb təşkilatlarının təmsilçiləri bir qayda olaraq gürcüstanlılardır. Həmin şəxslər də Gürcüstan haqqında susur, Azərbaycanı isə ittiham edirlər. Təbii ki, bunların hamısı vahid mərkəzdən idarə olunur. İkili standartların tətbiqi istiqamətində atılan addımlardı".

Azər Həsrət əlavə etdi ki, ayrı-seçkiliyin edilməsində dini mənsubiyyətdən tutmuş digər amillər də yer alır: "Əsas amil odur ki, Azərbaycan Prezidenti İlham Əliyev Serj Sarkisyandan fərqli olaraq öz dövlətinin mənafeyini üstün tutur. Ermənistan rəhbəri Rusiyaya, ya da Qərbin diqtə etdiyi tərəfə rahat şəkildə təslim ola bilir. Azərbaycan Prezidenti isə bu məsələlərdə prinsipial olaraq heç kəslə hesablaşmır. Yəni, dövlət mənafeyi məsələsində İlham Əliyev birbaşa dövlətin və xalqın mənafeyindən çıxış edir. Bu da Qərbin xoşuna gəlmir. Gürcüstanda hakimiyyətdə Saakaşvili olanda Qərb orada istədiyini edirdi. Gürcüstanda nə baş versə, ona göz yumulurdu. Hətta 2008-ci ildə Saakaşvilini elə bir avantüraya çəkdilər ki, Abxaziya və Cənubi Osetiya birdəfəlik Gürcüstandan ayrıldı. Azərbaycan isə öz müstəqil siyasətini yürütməkdədir. Qərb buna görə də Azərbaycan rəhbərliyini cəzalandırmaq istəyir. Amma onlar unudurlar ki, mümkünsüz istəyin ardındadırlar. Çünki, İlham Əliyevin arxasında Azərbaycan xalqı var. O, xaqlın iradəsinin ifadəçisi kimi hərəkət edir. Ona görə də Qərb əlinə düşən hər fürsətdən istifadə etməyə çalışır".