Tiflisin Azərbaycan qazı ilə bağlı yanlışlığı gürcü müxalifətini hərəkətə keçirdi

22 Oktyabr 2015 10:30 (UTC+04:00)

Qonşu Gürcüstanın ən çətin vaxtlarda arxasında olan, ona hər zaman yardım əlini uzadan Azərbaycandan enerji idxalı məsələsində son dövrlərdə anlaşılmaz mövqe sərgiləməsinə bu ölkənin özündə də ciddi etiraz edilməkdədir. Ümumiyyətlə, gürcü rəsmilərinin özü arasında məsələ ətrafında ziddiyyətli fikirlər səslənir. Söhbət konkret olaraq rəsmi Tiflisin Azərbaycandan çox güzəştli şərtlərlə aldığı qazın bir qismini Rusiyanın "Qazprom" şirkətindən almaq istədiyi mavi yanacaqla əvəzləmək niyyətindən gedir.

Rəsmi Tiflisin "Qazprom"la qaz danışıqları son günlər regionun əsas müzakirə mövzularından biridir. Söhbət Azərbaycanın ən çətin vaxtlarında kömək əlini uzatdığı Gürcüstanın Bakıdan aldığı ucuz qazın qarşılığında "Qazprom"la separat danışıqlara getməsindən gedir. Hələ bu günlərdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan qazı ilə bağlı qeyd edirdi: "Azərbaycanın təbii qazının əvəz edilməsi ilə bağlı heç bir danışıq aparılmır". Gürcüstan hökumətinin başçısı təbii qazın ölkəsinə idxalı ilə bağlı məkrli məsələlərə və müzakirələrə son qoyulmasını istəyib: "Azərbaycana münasibətdə heç bir dəyişiklik nəzərdə tutulmayıb. Azərbaycanla strateji münasibətimiz var və bu, hökumətlərimizin, dövlətlərimizin başlıca istiqamətidir. Bizim Azərbaycanla sıx strateji və dostluq münasibətimiz var və olacaq. Siyasətçi Azərbaycana münasibətin dəyişməsi haqda düşünə bilməz. Bu cəfəngiyyatdır. Təbii qazın idxalının şaxələndirilməsi və Azərbaycanın təbii qazının əvəz edilməsi haqda müzakirə olmayıb, bu cəfəngiyyatdır, gerçəyi əks etdirmir". Amma ölkənin energetika naziri yenidən Kaxa Kaladze Rusiyadan əlavə qaz almağa ehtiyac olduğunu bildirib. Kaladze müxalifətin bu məsələ ətrafında yanlış mövqe tutduğunu deyərək bildirib ki, Azərbaycanda Gürcüstanın qaza olan tələbatını ödəmək üçün resurs yoxdur. Ona görə də Gürcüstan Rusiyadan əlavə həcmdə qaz almalıdır: "Nəyə görə əlavə qaz həcmi yoxdur? Bunu Azərbaycandan soruşmaq lazımdır. Onda mən sizdən soruşuram ki, nəyə görə Azərbaycan "Qazprom"la müqavilə bağlayır? Bir halda ki onların öz tələbatını ödəməyə bəs edəcək qədər qazı var, onda niyə Rusiyadan qaz alırlar?". Lakin bildirək ki, kifayət qədər ehtiyatları olan Azərbayjanın Rusiyadan qaz almasına ehtiyajı yoxdur. Sadəjə AzMeCo (Azərbaycan metanol zavodu) Rusiyanın "Qazprom" şirkətindən qaz alınmasına dair bir müddət əvvəl müqavilə imzalamışdı. İndi isə həmin müqavilə də ləğv olunub. AzMeCo bildirir ki, dünya bazarında metanolun qiymətinin aşağı düşməsinə görə mövcud müqavilədə nəzərdə tutulan qiymətlə "Qazprom" şirkətindən qazın alınması zavod üçün sərfəli deyil. Baş vernələri gürjü müxaliftəi d əböyük qəzəblə qarşılayır.

Elə bu səbəbdən hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyasının "xaç atası" sayılan Bidzina İvanişvilinin "Qazprom"la anlaşmasını tənqid edən karikaturalar Tiflis küçələrini bəzəyir. Buna görə polis sabiq prezident Mixail Saakaşvilinin ən yaxın silahdaşlarından olan, "Tabula" müstəqil televiziyasının rəhbəri Tamara Çerqoleişvilini saxlayıb. T. Çerqoleişvilinin iddiasına görə, İvanişvili "Qazprom"un səhmlərinin 1 faizinə sahibdir və məhz buna görə Rusiya şirkətini Gürcüstana gətirmək istəyir: "Hətta bu, Gürcüstanın strateji partnyoru və etibarlı təbii qaz təchizatçısı Azərbaycanla münasibətləri korlamaq bahasına olsa belə o, bunu etməkdə israrlıdır. Hökumətin bu planı energetika naziri Kaxe Kaladzenin Brüsseldə Aleksey Millerlə gizli görüşündən sonra açıldı. Həmin görüşdən sonra "Qazprom"un saytında Gürcüstan ərazisindən Ermənistana ötürülən enerjinin tranzit haqqının artırılması istiqamətində danışıqların getməsi ilə bağlı xəbərlər çıxdı".

Deputat Serqo Ratiani isə "Qazprom"la əməkdaşlığa etiraz edəcəklərini bildirib: "Hakimiyyət bu şirkətlər əməkdaşlıq etməklə təkcə geri çəkilmir, eyni zamanda, Gürcüstanın enerji təchizatından problemlərin əsasını qoyur. Bu hakimiyyətin ölkəni hara apardığını demək çətindir. Çünki onların müəyyən edilmiş siyasətləri yoxdur. Ümumiyyətlə, ucuz qazı sənin torpağının 20 faizini işğal etmiş bir ölkənin qazına dəyişmək hansı məntiqə sığır? Bu siyasi intiharın bariz nümunəsidir". Gürcüstanın "Azad demokratlar" parlament fraksiyasının lideri İrakli Alasaniya isə bildirir ki, Gürcüstan hökumətinin enerji təhlükəsizliyinə, konkret olaraq "Qazprom"la danışıqlara dair atdığı xəlvəti addımlar strateji tərəfdaşlarda təbii olaraq bir sıra suallar doğurub: "Biabırçılıqdır ki, onlar bu addımları ilə strateji tərəfdaşımız olan Azərbaycanla münasibətləri korlayıblar. Bunun arxasında dövlət maraqları dayanmır, çünki biz daha bahalı və siyasiləşmiş Rusiya qazına stavka edirik. Ona görə də hökumətin şəxsi maraqlarının ölkənin maraqlarına necə zərbə vurduğu ortadadır".

Baş verəçn yanlışlıqlar qonşu ölkəni ucuz Azərbaycan qazından məhrum edə bilər. Xatırladaq ki, Gürcüstanın qazla təchizatının əsas hissəsi, 90 faizindən çoxu Azərbaycanın payına düşür. Özü də Azərbaycan bu ölkəyə qazı güzəştli qiymətə satır. 2014-cü ildə Gürcüstan "Şahdəniz-1" yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, "Şahdəniz-2" yatağından isə min kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr qaz alıb. Bundan əlavə, 2008-ci ildə bağlanmış müqaviləyə əsasən Gürcüstan Azərbaycandan güzəştli qiymətə daha 500 milyon kubmetr qaz alır. Əhali üçün nəzərdə tutulan bu qazın min kubmetrinə görə Gürcüstan 189 dollar ödəyir. Bu qazın əvəzinə Rusiya və İrandan gələn qaz isə əslində, gürcülərə baha oturacaq.