ABŞ səfirliyi Azərbaycanın "Azerspace-2" üçün Amerika şirkətini seçməsi münasibətilə bəyanat yayıb

21 Oktyabr 2015 19:00 (UTC+04:00)

"Azərbaycanı ikinci telekommunikasiya peyki üçün Şimalı Amerikanın Space Systems/Loral şirkətini seçməsi münasibəti ilə təbrik edirik". Movqe.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin şirkətin "Azərkosmos" ASC tərəfindən Azərbaycanın ikinci telekommunikasiya peykinin istehsalçısı seçilməsi ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Azərbaycanın ikinci telekommunikasiya peyki olacaq "Azerspace-2" "Azerspace-1"-in təcrübəsi və imkanları zəminində yaranacaq: "Azerspace-2 vasitəsilə Azərbaycanın telekommunikasiya imkanları inkişaf edir. ABŞ səfirliyi Amerika şirkətlərinin Azərbaycanda yüksək texnologiyaların inkişafına təkan verməsindən qürur duyur".

Xatırladaq ki, qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus kommersiya peyklərinin aparıcı təchizatçısı olan "Space Systems/Loral" (SSL) şirkəti "Azərkosmos" ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib. Uzunmüddətli razılaşmaya əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək "Azerspace-2" Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.