Deputatdan dini cərəyanlarla bağlı həyəcanlı-Açıqlama

22 Oktyabr 2015 11:36 (UTC+04:00)

Ötən gün Bakıda "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mözusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov uşaqların radikal cərəyanlara qoşulub, terrora meyl göstərməsi ilə bağlı cəmiyyəti narahat edən həssas məqama  toxundu. S. Heydərov bildirib ki, bu məsələdə dini icmaların üzərinə daha çox məsuliyyət düşür: "Radikalizm yolunu tutanlar nə qədər ki, gec deyil o yoldan qayıtmalıdırlar. Əks halda onlarla bağlı qanunla ciddi tədbir görüləcək. Bəzən bizə valideyinlər müraciət edir ki, övladları radikal cərəyanlara qoşulub, terrora meyl göstərir. Düşünürəm ki, biz bunun qarşısını almağa var gücümüzlə çalışmalıyıq".

Sədr müavini hüquq-mühafizə orqanlarının dini cərəyanlara qarşı ciddi işlər gördüyünü qeyd edərək bildirib ki, radikalizmlə mübarizədə hər kəs fəal olmalıdır.

Qeyd edək ki, terrorçu təşkilat olan İŞİD üzvləri arasında azərbaycanlı gənclərin olması barədə məlumat öz təsdiqini tapıb. Valideynlərin öz övladlarını radikal dini təriqət üzvlərindən qoruması məsələsi getdikcə aktuallaşır. Millət vəkili Yevda Abramov Movqe.az-a açıqlamasında deyib ki,  Səyavuş Heydərovun çıxışı bir daha vəziyyətin doğurdan da ciddi olduğundan xəbər verir. Millət vəkili son vaxtlar dini radikal təriqətlərə yeniyetmələrin, gənclərin meyillənməsinin bir sıra səbəblərinin olduğunu söyləyib: "Artıq uşaqların ətraf mühitdən məlumat almaq imkanı genişlənib. İnternet, mobil telefonlar onların dünyaya çıxışına geniş qapı açır. Uşaqları, yeniyetmə və gəncləri öz əhatələrinə cəlb etmək istəyən terrorçu təşkilatlar üçün əlverişli mühit yaranır. Azərbaycanda isə "Dini etiqad azadlığı haqqında" qanun qəbul etdikdən sonra dini cərəyanların,təriqətlərin yayılmasına qoyulan qadağa aradan qalxıb. İnsanlar istədikləri dinə sitayiş edə bilirlər. Onların inancına hörmətlə yanaşılır. Bu isə terrorçu təşkilatların idarə etdiyi radikal dini cərəyanların işini asanlaşdırıb. Onlar dini əldə bayraq edərək uşaqları, yeniyetmələri din adı ilə terrorçu yetişdirirlər".

Millət vəkili deyib ki, bu məsələdə ümumtəhsil müəssisələrinin də qüsuru var: "Müəllimlərin uşaqları elmə cəlb etməsində zəiflik var. Uşaqların dərsdən sonra asudə vaxtları düzgün tənzimlənmir. Sovet dövründə bu məsələlərə həssas yanaşılırdı. İndi isə uşaqlar çox vaxt dərsdən sonra nəzarətsiz qalır. Valideynlər uşaqlarına daha çox diqqət göstərməli, onları nəzarətsiz buraxmamalıdırlar". 

Y. Abramovun sözlərinə görə, terrorçuların maliyyələşdirdiyi radikal dini cərəyanları yayan şəxslər xüsusilə ölkənin şimal-qərb zonasında kök atıblar: "Onlar Dağıstan, Mahaçkalada sıxışdırıldıqlarından əsasən bu zonalarda yerləşiblər. Ona görə də, aidiyyatı qurumlar həmin zonalarda bu məsələyə daha diqqətli yanaşmalı, gənclərin həmin dini təriqətlərə cəlb edilməsinin qarşısını almalıdırlar".

Millət vəkili bildirir ki, son vaxtlar ölkədə dinə inananların cavanlaşması tendensiyası müşahidə olunur: "O vaxt biz məscidə daha çox babalarımızın getdiyini görürüdük. İndi isə gənclər məscidlərə axışır. Əlbəttə islam dini barış, gözəllik dinidir. Amma bu din naşı insanların yozumunda təbliğ olunduqda, cəmiyyət üçün bir torba barıt qədər təhlükəlidir".

Millət vəkili çıxış yollarından birinin orta məktəblərdə ənənəvi din dərsinin həftədə bir dəfə tədrisində görür: "Uşaqlar müəllimə daha çox inanır. Ona görə də, yuxarı siniflərdə İslam dini doğru-dürüst təbliğ olunalıdır ki, uşaqlar onları din adı altında səhv istiqamətə yönləndirənlərin təsiri altına düşməsin. Fikrimcə, bu yeniyetmələrimizi, gənclərimizi din pərdəsi altında terrora sürükləyənlərin təsirindən qoruya bilər. Eyni zamanda internet üzərindən gənclərimizi terror üzvü kimi hədəf seçənlərin fəaliyyətinə nəzarət güclü olmaldır. Valideynlər isə, bu məsələdə çox həssas, diqqətli olmalı, uşaqlarını nəzarətsiz buraxmamalıdırlar".