Azərbaycanlı işəgötürənlərin qəbul olunmamış "qaydalar"ı

22 Oktyabr 2015 12:40 (UTC+04:00)

Azərbaycanda bəzi işəgötürənlər qəbul olunmamış "qaydalar"a əsasən, işə qəbul üçün maksimum yaş müddətinin 25-30 olmasını, əlavə olaraq, həmin sahə üzrə bir neçə illik iş təcrübəsinin olmasını tələb edirlər ki, bu da yeni işə qəbul olunmaq istəyən gənclərin iş tapmasına ciddi maneələr yaradır.

Nəzərə almaq lazımdır ki, təhsil almaqla məşğul olan şəxs həmin illərini yalnız təhsil almağa yönəltdiyindən onun həmin müddətdə həm də əmək fəaliyyəti ilə məşğul olması, yəni iş təcrübəsi toplaması real deyil.

Azərbaycanın mövcud Əmək Məcəlləsinə görə, ölkədə yaş senzi elmi tədqiqat müəssisələrində çalışan şəxslər, ali məktəb müəllimləri istisna olmaqla, yalnız dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün tətbiq edilə bilər. Bu sənədə əsasən, dövlət idarələrində işləmək üçün maksimum yaş həddi 65-dir. Lakin bəzi amillər nəzərə alınmaqla, qulluq müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Müddətin beş ildən artıq uzadılmasına icazə verilmir.

Milli Məclisin deputatı Musa Quliyev Trend-ə açıqlamasında bu gün gənclərin sözügedən problemlə qarşılaşdıqlarını bildirərərk qeyd edib ki, işçinin hansı şərtlərlə işə götürülməsi sahibkarlara diktə edilə bilməz: "Çünki sahibkarların da öz maraqları var. Onlar bu maraqlarına uyğun olaraq, işə daha təcrübəli və bacarıqlı işçi qəbul etmək istəyirlər. Bazar iqtisadiyyatı şəraitində sahibkara deyə bilməzsən ki, bu işçini işə götür, digərini isə götürmə. İşəgötürənlər daha savadlı, enerjili və bacarıqlı işçilər axtarır".

Amma M.Quliyev belə hesab edir ki, sırf bu amilləri əsas gətirərək gənclər üçün yalnız onlar gənc olduğuna görə, xüsusi kateqoriyalı iş yerlərinin yaradılması da real deyil: "Bu səbəbdən gənclər öz üzərində işləməklə, pillə-pillə yüksəlməklə arzu etdikləri işlərdə çalışmağa nail olmalıdırlar".

Millət vəkili bu məsələlərlə bağlı gənclərimizdə də müəyyən problemlərin olduğunu da vurğulayıb: "Gənclərimizin çoxu olduqca iddialıdırlar. Bu, təqdir olunmalıdır. Lakin digər tərəfdən, onlar həyatın reallıqlarını da qəbul etməlidirlər. Hər kəs birdən-birə yüksək maaşlı vəzifəyə qəbul olunmur. Hər birimiz müəyyən həyat yolu keçmişik, ən aşağı vəzifədən az maaşla işə başlamışıq. Təcrübə yığa-yığa, potensialımızı ortaya qoya-qoya müəyyən vəzifələrə gəlib çatmışıq. Gənclərimiz az maaşlı işlərdən çəkinməli deyillər. Ola bilər ki, ilkin mərhələdə iş rejimi ağır, az maaşlı olsun, amma işçinin özündən də çox şey asılıdır. Gənclərə tövsiyə edərdim ki, işdən qorxmasınlar. Hansısa münasib iş təklif olunarsa, onunla razılaşsınlar. Öz üzərilərində daim işləməklə tədricən istəklərinə nail olsunlar".

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, gənclərin məşğulluğunun təmin olunmasında yaranan problemin əsas kökü təhsil sistemindən qaynaqlanır.

Onun sözlərinə görə, hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir: "Bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır. İşəgötürən istəyir ki, işə götürdüyü adam işə qəbul olunan kimi peşəkar səviyyədə işə başlasın. Amma bizim təhsil sistemimiz hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Almaniyada 16 yaşlı gənc məktəbi bitirdikdə onun ən azı iki peşə vərdişi olur. Bizdə isə 17 yaşında orta məktəbi bitirirlər, 4 il ali təhsil alırlar, oğlanlar isə əlavə olaraq 1 il də hərbi xidmətdə olurlar. Nəticədə 22 yaşında əmək bazarına daxil ola bilirlər. Bu da onlara müəyyən problemlər yaradır".

Azərbaycan təhsilinin Boloniya prosesinə qoşulduğunu xatırladan S.Məmmədov qeyd edib ki, Boloniya prosesinin əsas tələblərindən biri təhsilin praktika ilə əlaqəli olmasıdır: "Amma bizdə bu yoxdur. Bizdə, ümumiyyətlə, əmək bazarı öyrənilmədən kadr hazırlanır. Buna görə də belə problemlər yaranır".