Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə döyülmə faktı üzrə araşdırmalara başladı

22 Oktyabr 2015 12:30 (UTC+04:00)

Bu gün moderator.az saytında Bakının Xətai rayonunda yerləşən Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə şagirdin öz müəllimini döyməsi barədə məlumat yayılıb. Movqe.az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarənin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva Movqe.az-a açıqlamasında mətbuatda yayılan məlumatın hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırıldığını söyləyib.

Xatırladaq ki, xəbərə görə, 11-ci sinif şagirdi olan oğlan öz müəllimini vəhşicəsinə döyüb. Svetlana adlı fizika müəllimi şagirdin nizam-intizamdan şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib. Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər. Şagirdi tərəfindən vurulduğu iddia edilən fizika müəllimi Svetlana Əkbərova bildirib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir: "Dünən şagird sinifdə mahnı oxuduğu üçün ona irad tutdum, qanacaqlı-mərifətli olmasını tələb etdim. O da ərköyün uşaqdı, çığır-bağır saldı və sinif otağını tərk etdi. Biz həmin uşağı keçən il də məktəbdən uzaqlaşdırmaq istəyirdik, bəzi səbəblərdən son anda onu sinifdə saxladıq".

 S.Əkbərova bildirib ki, hazırda məktəbdə işini davam etdirir: "Yazıblar ki, guya şagird məni vurub, bunlar cəfəngiyyatdır".