Azərbaycan Ermənistanı ofsayd vəziyyətində qoydu

23 Oktyabr 2015 08:00 (UTC+04:00)

Tranzit əhəmiyyətinə görə Azərbaycanın unikal coğrafi mövqedə yerləşməsi, Şərq və Qərbi birləşdirən körpü rolunu oynaması ölkəmizə daha çox dividendlər qazandırmağa başlayır. Aparılan məqsədyönlü işlər, həyaat keçrilən tədbirlər Azərbaycanın tranzit potensialından daha səmərəli istifadə olunmaqla ölkənin bu istiqamətdə əldə etdiyi mənfəəti xeyli artıracaq.

Yeri gəlmişkən qeyd edək ki, yaxın vaxtlarda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin layihə-tikinti işlərinə başlanılacaq. Azərbaycan tərəfindən dəmir yolunun Azərbaycana aid 8,3 kilometrlik hissəsinin, İran tərəfdən isə bu ölkəyə aid 2 kilometrə yaxın hissəsinin tikintisi nəzərdə tutulur. Hazırda Azərbaycan və İran arasında yükdaşımaları avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu daşımaların həcmi 600 min tona yaxındır.

Azərbaycan və İran dəmir yolu xətləri birləşdirildikdən sonra yükdaşımaların həcminin dəfələrlə artması, birinci mərhələdə 5 milyon tona, ikinci mərhələdə isə 10 milyon tona çatdırılması gözlənilir. Bütünlükdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrinin tikintisi böyük siyasi və iqtisadi əhəmiyyət daşımaqla yanaşı, ölkələrimizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu dəhlizin əsas məqsədi Cənubi Asiya və Fars körfəzinin limanlarını Azərbaycan və İran vasitəsilə Rusiya və Avropa ölkələri ilə birləşdirməkdən ibarətdir. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının 3 dəfə az olmasıdır.

Bu arada bir maraqlı məqamı da qeyd edək ki, İran-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafı Ermənistanın narahatlığına səbəb olub. İranın Rəşt-Qəzvin-Astara (İran)-Astara (Azərbaycan) dəmir yol xəttinin Azərbaycandan keçirərək Rusiyaya, oradan isə Avropaya çatdırması planı rəsmi İrəvanı məyus edib. Ermənistan iqtisadiyyat nazirinin keçmiş müavini Qohar İsgəndəryan bildirib ki, İrəvanın tamamilə Gömrük İttifaqına satılmaması üçün İran təcili hərəkətə keçməli və iki mühüm iqtisadi layihənin maliyyələşməsini öz üzərinə götürməlidir. Birincisi, rəsmi Tehran Ermənistan-İran dəmir yolu xəttinin çəkilməsini, ikincisi isə, Mehri Su Elektrik Stansiyasının yenidən qurulmasını maliyyələşdirməlidir. Amma Azərbaycanla əlaqələrini inkiaşf etdirən, ölkəmiz üzərindən Rusiya və Avropaya daha çox yük daşımağa hazırlaşan İran üçün Ermənistan artıq maraqlı tərəf deyil. Ona görə də İran Ermənistan-İran dəmir yolu xəttinin çəkilməsini, Mehri Su Elektrik Stansiyasının yenidən qurulmasını arxa plana atıb.

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin açıqlamaları da bunu təsdiq edir. O bildirib ki, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi digər alternativ beynəlxalq nəqliyyat dəhlizləri ilə müqayisədə çox sərfəlidir. İranlı həmsədr qeyd edib ki, bu beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi və iki ölkənin tranzit xətlərinin birləşdirilməsi ilə Hindistandan Avropayadək yük daşımalarını həm vaxt və həm də maliyyə baxımından daha sərfəli şəkildə həyata keçirilməsinə şərait yaradılacaq. Şimal-Cənub nəqliyyat dəhlizi hər iki ölkənin milli maraqlarına cavab verir. Bu dəhliz vasitəsi ilə İranın yükləri tranzit olaraq Azərbaycan üzərindən Rusiya və Avropaya daşınacaq. Bundan əlavə ölkəmizin iştirakı ilə reallaşan Şərq-Qərb layihəsi, o cümlədən Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilişi Azərbaycanın tranzit əhəmiyyətini artırmaqla yanaşı, ölkənin yükdaşımalardan gəlirlərini də əhəimiyyətli dərəcədə artıracaq.

Artıq ölkədə dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Əsasnaməsi və tərkibi təsdiq edilib. Həmçinin, Azərbaycan ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipi tətbiq olunacaq. "Bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına həvalə edilib. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçiriləcək. Bu isə tranzit yükdaşımalar sahəsində indiyə qədər göstərilən problemlərin daha çevik həlliən imkan verəcək.

Xatırladaq ki, son illərdə ölkənin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlayıb, Bakı-Böyük Kəsik dəmiryolunun yenidən qurulması və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin inşası reallaşmaqdadır. Azərbaycanda bir neçə beynəlxalq hava limanının tikintisi, yeni təyyarə və gəmilərin alınması, müasir avtomobil yolları şəbəkəsinin yaradılması ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində mühüm rol oynayıb və tranzit daşımalarda iştirak imkanlarını genişləndirib.

Ölkənin nəqliyyat sektorunda icra edilən layihələrlə yanaşı, Azərbaycanın ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək istiqamətində bir sıra tədbirlərin görülməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin azaldılması da vacibdir. Elə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da məhz buna xidmət edəcək.