ATƏT DTİHB-dən beynəlxalq narazılıq artır

23 Oktyabr 2015 10:00 (UTC+04:00)

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməsi bir sıra ölkələrlə münasibətlərin pisləşməsinə səbəb ola bilər". Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov deyib. Onun sözlərinə görə, bu hadisə ciddi məsələdir: "Bu, Büro ilə bir sıra ölkələrin münasibətlərinə mənfi təsir edəcək". Böyük ehtimal ki, Vladimir Çurovun fikirlərindən ATƏT-in özü də xəbərsiz deyil.

Azərbaycan Yaşıllar Partiyasının sədri, fəlsəfə doktoru Mais Gülalıyev bildirir ki, həmişə hansısa formada müxtəlif bəhanələrlə Azərbaycan hakimiyyətinə təzyiqlər olub: "Ümumiyyətlə, beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən kiçik, müstəqilliyini yeni qazanmış ölkələrə qarşı təzyiqlər həmişə olub və olacaq. Bu təzyiqləri hətta Avrpoa İttifaqına (Aİ) daxil olmayan Rusiya, Çin, Hindistan kimi böyük ölkələrə də tətbiq edildiyini görürük. İndi də əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina edirsə, seçkidən sonra mütləq mənfi fikir söyləyəcək.

Təzyiq fəlsəfəsi odur ki, böyük güclər özlərinin siyasi və iqtisadi maraqlarını həyata keçirməyə çalışırlar. O da məlumdur ki, hansısa beynəlxalq təşkilat Azərbaycan hakimiyyətinə qarşı təzyiqi Azərbaycan xalqının xatirinə etmir. Çünki, ATƏT, ümumiyyətlə, Aİ-nın fəaliyyətinin analizi onu deməyə əsas verir ki, bütün bu təzyiqlərin arxasında Azərbaycan xalqının yox, həmin ölkələrin özlərinin siyasi və iqtisadi maraqları dayanır. Bütün bunları da xalq başa düşür. Odur ki, ATƏT-in belə addımlarına görə, qətiyyən narahat olmağa dəyməz. ATƏT seçkiləri müşahidə etməyəcəksə, Azərbaycanda keçirilən seçkilərin legitimliyi dünyada qəbul edilməyəcək ki?! Azərbaycanda baş tutan seçkilər Azərbaycan qanunverciliyinə uyğundur. Xarici ölkələrin buna münasibətinin necə olmasından asılı olmayaraq bu legitimdir. Çünki, bu seçkilər Avropa ölkələrinin qanunlarına yox, Azərbaycan qanunlarına uyğun həyata keçirilir, belə də olmalıdır. Ona görə də legitim hesab edilir".

Milli Qeyri-hökumət təşkilatı (QHT) Forumunun sədri Rauf Zeyni bildirdi ki, ümumiyyətlə, bu gün dünyada bütün ölkələrdə seçkilərin nüfuzu xeyli aşağı düşüb: "Çünki, insanları seçkilərdən daha çox gündəlik təhlükəsizlikləri maraqlandırır. ATƏT-in beynəlxalq təşkilat olaraq Dağlıq Qarabağ konfliktinin bu günə qədər çözülməməsi məsələsində Azərbaycan xalqının qarşısında elə bir nüfuzu qalmayıb. Ona görə də belə bir təşkilatın seçki ilə bağlı hansısa rəy verməsi Azərbaycan xalqını maraqlandırmır. Yəni, hansısa beynəlxalq təşkilatın seçkiləri müşahidə etmək üçün ölkəmizə gəlib-gəlməməsi onun öz problemidir.

Azərbaycanın özü azad, demokratik seçilərin keçirilməsində maraqlıdır. Biz seçkiləri beynəlxalq təşkilatlar üçün keçirtmirik, öz xalqımız və Konstitusiyamıza görə keçiririk. Beynəlxalq ictimaiyyət isə qoy, 25 illik işğal problemimizi həll etsin. Hansı ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.

Düzdür, Azərbaycanın inkişafı, dünyaya inteqrasiyası bizi daim maraqlandırıb. Ancaq ayrı-ayrı beynəlxalq təşkilatların rəyi bizi o qədər də narahat etmir. Bu gün dünyada iqtisadi böhrandır. Biz öz xalqımızın rifahını düşünürük".